BMT rəhbərliyi Azərbaycana müstəsna qabiliyyətli ölkə kimi baxır – Aydın Quliyev

19:48 | 9 İyul, 2020

Antonio Quttereşlə İlham Əliyevin telefon danışığını əslində BMT Baş katibinin məlum qlobal tədbir ərafəsində Azərbaycan Prezidenti ilə fikir mübadiləsi aparmağı vacib saymasının əlaməti hesab etmək olar.

Editor.az  bildirir ki, bunu Trend-ə açıqlqmasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, BMT baş katibi Azərbaycan dövlətinin siyasətinə və onun başçısının apardığı kursa nə qədər mötəbər yanaşdığını bir daha nümayiş etdirdi: “Ümumiyyətlə, koronavirusla mübarizənin başlandığı dövrdə Azərbaycan-BMT münasibətlərində mühüm tərəqqi əlamətləri özünü göstərir və bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu tam əsaslarla söyləmək mümkündür. BMT-Azərbaycan münasibətlərində yeni mərhələnin açılmasında üstün təşəbbüskarlıq və fəallıq addımları sözsüz ki, Azərbaycan Prezidentinə məxsusdur. Pandemiya ilə mübarizədə hər iki tərəf bir-birinin səylərinə tam anlayışla yanaşır və dəstək verirlər. Azərbaycanın iki mərhələdə olmaqla BMT-yə pandemiya ilə mübarizədə 10 milyon dollar yardım etməsi, BMT üzvləri olan 29 ölkəyə ayrıca yardım edilməsi, habelə BMT ilə Qoşulmama hərəkatı arasında daha sıx işbirliyinin yaradılması Azərbaycan Prezidentinin aktivində olan mühüm faktlardır və BMT rəhbərliyinin Azərbaycana müstəsna qabiliyyətli subyekt kimi baxmasını birbaşa müəyyən edir” .

A.Quliyev deyib ki, son bir ayda Azərbaycan-BMT münasibətlərində özünü göstərmiş bir neçə hadisə koronavirusla mübarizə dövründə dünya proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərmək gücündədir: “Sıra ilə bəzi mərhələləri nəzərdən keçirək. Əvvəlcə BMT-nin Baş katibi Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə naminə BMT-nin xüsusi sessiyasının çağırılması təklifini qəbul etdi və İlham Əliyevin bu təklifinin faktiki ümumdünya səsverməsinə çıxarılması prosedurunu uğurla həyata keçirdi. Tək Ermənistandan başqa bütün dövlətlərin İlham Əliyevin təklifini qəbul etməsi faktiki olaraq təcavüzkar ölkənin növbəti dəfə təklənməsinə gətirib çıxardı. Azərbaycanı sevməyən məlum qüvvələrin BMT-nin xüsusi sessiyasının baş tutacağına hələ tam inanmadıqları bir gündə A.Quttereş qlobal tədbirin təşkili ilə bağlı Azərbaycan Prezidenti ilə fikir mübadiləsi apardı. Əslində Baş katib nümayiş etdirdi ki, Azərbaycan Prezidentinin təklif etdiyi qlobal “anti-pandemiya tədbiri” geriyə dönüşü olmayan prosesdir. Prezident İlham Əliyevin xüsusi sessiyaya texniki-logistik kömək təklifinin BMT Baş katibi tərəfindən qəbul edilməsi isə Azərbaycana beynəlxalq etimadın misilsiz həddə çatdığının əyani göstəricisidir”.

Mövzunu Facebookda şərh et