200 illik şirkət iflas edib

15:34 | 10 İyul, 2020

Prezidentlərin və məşhur bankirlərin geyimlərini hazırlamaqla tanınan və keçən il təxminən 1 milyard dollar gəlir əldə edən ABŞ-ın 200 yaşlı “Brooks Brothers” şirkəti iflas edib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, 1818-ci ildə qurulan və ölkənin ilk hazır geyim markası olan “Brooks Brothers” koronavirus pandemiyasının işlərinə mənfi təsir etdiyini və bu səbəbdən 500-dən çox mağazasından 250-ni bağlayacağını açıqlayıb. Şirkət iflasla bağlı məhkəməyə müraciət edib və bu müddətdə əməliyyatları davam etdirmək üçün 75 milyon dollar kredit götürüb.

Qeyd edilib ki, 4 mindən çox işçinin çalışdığı şirkət bu vaxta qədər 40-a qədər ABŞ prezidentini hazır geyimlə təmin edib.

Ötən il 991 milyon dollar dövriyyəsi olan şirkət, bunun 20 faizini internet üzərindən reallaşdırıb.

Mövzunu Facebookda şərh et