backend

Altay Əfəndiyev: "GUAM effektiv regional formatdır"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təşkilata üzv ölkələrin hamısı müstəqilliyini müdafiə edir və heç kimi hədələmir
“GUAM regionun inkişafında, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində daha fəal rol oynaya bilən və oynamalı olan vacib formatdır.”
Bu barədə “Report”un Ukrayna bürosuna müsahibədəsində təşkilatın Baş katibi Altay Əfəndiyev bildirib.
“GUAM regional əməkdaşlıq üçün vacib dövlətlərarası alətdir və bu, strateji əhəmiyyətli əməkdaşlığın sabitlik və təhlükəsizlik zonası kimi formalaşdırılmasında effektiv rol oynamalıdır. Hər şey GUAM ölkələrinin və beynəlxalq ictimaiyyətin bundan necə istifadə etməsindən asılı olacaq”, – A.Əfəndiyev vurğulayıb.
O, üzv ölkələrin əməkdaşlıq edərək, birgə layihələr və təşəbbüslər həyata keçirərək milli iqtisadiyyatı inkişaf etdirdiklərini, müstəqilliklərini möhkəmləndirdiklərini və beləliklə, regional sabitlik və təhlükəsizliyə töhfə verdiklərini qeyd edib.
“Onlar tam fərqli əsaslarla əlaqələr qurmağa çalışır, heç kimi hədələmir, bu prinsipləri və məqsədləri bölüşən hamı ilə əməkdaşlıqda maraqlıdırlar”, – baş katib söyləyib.
A.Əfəndiyevin sözlərinə görə, GUAM ölkələrinin ərazisi ümumi irs və sərvət olan etnoslararası, dinlərarası, mədəniyyətlərarası əlaqələrin zəngin tarixinə malik multikultural məkandır: “Bu əlaqələri qorumaq və inkişaf etdirmək vacibdir. Bu gün dünyada dini, irqi, etnik zəmində zorakılıq və nifrət halları yayılan zamanda tolerantlığı, xalqların və mədəniyyətlərin ahəngdar yaşamasını təbliğ etmək daha böyük aktuallıq qazanır və beynəlxalq əməkdaşlığın əhəmiyyətli sahələrindən birinə çevrilir.”
GUAM-a üzv dövlətlərin ərazilərində münaqişələrin olması barədə danışan baş katib münaqişələrin, suverenliyin və ərazi bütövlüyünün pozulmasının təşkilata üzv ölkələr üçün əsas problem, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq üçün böyük maneə olduğunu vurğulayıb.
“Ona görə də siyasi əməkdaşlıq ən əhəmiyyətlidir və ilk növbədə, səmərəli regional əməkdaşlıq, mühüm regional layihələrin və təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli daxili və xarici şəraitin təmin edilməsinə yönəlib”, – A.Əfəndiyev bildirib.
O, GUAM ölkələrinin bu məsələdə prinsipial və həmrəy mövqeyini, eləcə də qarşılıqlı dəstəyini vurğulayıb. “Bu, səsimizin daha da ucadan gəlməsinə şərait yaradır”, – baş katib əlavə edib.
Onun sözlərinə görə, siyasi əməkdaşlıq çərçivəsində səylər ilk növbədə, üzv ölkələrin bu münaqişələrin həm region ölkələri, həm də beynəlxalq sabitlik və təhlükəsizlik üçün ciddi risk və təhdid mənbəyi olması ilə bağlı ümumi narahatlığını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa yönəlib.
“Biz bunun üçün bütün beynəlxalq forumlardan və platformalardan və digər imkanlardan istifadə edirik. BMT Təhlükəsizlik Şurasında, ATƏT-in Daimi Şurasında edilən çıxışlara, eləcə də digər təşəbbüslərə məhz bu kontekstdə baxmaq lazımdır. Şübhəsiz ki, GUAM ölkələrinin hər il BMT Baş Assambleyasına çıxardığı “GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” qətnamə layihəsi əhəmiyyətli və müntəzəm birgə təşəbbüsüdür”, – A.Əfəndiyev bildirib.
//Editor.az