backend

Azərbaycan prezidenti: “Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz bu işləri ona görə görürük ki, uşaqlarımız, gənclərimiz savadlı, bilikli olsunlar”.
bunu bu gün prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə deyib.
Dövlət başçısının sözlərinə görə, çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik: “Bu gün savadlılıq 100 faiz səviyyəsindədir. Bu bizim üçün adi hal, bir çox ölkələr üçün əlçatmaz hədəfdir. Bu bizim böyük üstünlüyümüzdür, çünki savadlılıq əsasdır. Uşaqlarımız bilikli, savadlı olmalı, yaxşı oxumalıdırlar ki, gələcəkdə cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Hər hansı insan gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, yaxşı oxumalıdır.
Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, yeniyetmələr, gənclər bu işə çox böyük məsuliyyətlə yanaşacaqlar. Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin uğurlarına baxmaq kifayətdir. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünyada aparıcı mövqelərə malikdir. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. İqtisadi, hərbi və digər sahələrdə texnologiyaların nə qədər inkişaf etdiyini görürük. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibidirlər. Ona görə də biz Azərbaycanda elmə, təhsilə, texnologi inkişafa əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun, Azərbaycan texnoloji inkişaf baxımından geri qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır, bu sahəyə, insan kapitalına investisiya qoyulur. Əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək səviyyədə olacaq. Bu, həm inkişaf, həm də ölkəmizdə bu gün yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savad olmayan yerdə kənardan mənfi təsirlər də özünü biruzə veririr”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sərhədlərini, təhlükəsizliyini qoruyur: “Biz özümüzü yad təsirlərdən də qorumalıyıq. Çünki bu gün dünyada ideoloji sahədə mübarizə, müharibə gedir. Bu, sonrakı qanlı müharibələrin əsasını təşkil edir. İnsanların, xüsusən gənc nəslin beyinləri zəhərlənir, onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur. Sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkələrdə özünü göstərsin. Ona görə də biz özümüzü mənfi və yad təsirlərdən qorumalıyıq. Necə? Bunu siz, müəllimlər etməlisiniz ki, uşaqlar bilikli, savadlı olsunlar, heç bir kənar yad təsir uşaqlarımızın şüuruna təsir edə bilməsin. Eyni zamanda müəllimlər və valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, uşaqlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərləri hər şeydən üstün tutsunlar. Milli dəyərlərimizdə hər hansı sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin sütunlarını sarsıda bilər. Ona görə də mən hər zaman deyirəm ki, milli, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalı, milli ruhumuzu saxlamalıyıq. Çünki bu bizim gələcəyimiz üçün əsasdır”.
//APA