Azərbaycan məhsullarını 34 ölkəyə ixrac etməyi planlaşdırır

01:22 | 17 Sentyabr, 2017

Azərbaycan öz məhsullarının 34 ölkəyə ixracı imkanlarını öyrənir. Bunu bu gün mətbuat konfransında iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
“Biz xaricdə məhsullarımızın satışını təmin etməklə yanaşı, ixracın gələcək potensialını da qiymətləndirmək istəyirik. Beləliklə, biz yerli sahibkarlar tərəfindən müxtəlif müraciətlər aldıq və bunun əsasında 34 xarici bazarı araşdırdıq. Bazarların hər biri üçün xüsusi məhsulların tədarükünü təhlil edirik. Məsələn, Qazaxıstan bazarı üçün bu şərabdır. Hal-hazırda bu bazarda hansı rəqiblərin fəaliyyət göstərdiyini görürük, məhsullar hansı qiymətlərə satılır, ölkədə şərab təchizatı üçün imkanlar nədir və satın alma dinamikası nədir. Bu məlumatları təhlil etdikdən sonra biz onu ixracatçımıza göndəririk. Qeyd etmək istərdim ki, bu işdə Azərbaycanın xaricdəki səfirlikləri və nümayəndəlikləri bizə çox fəal şəkildə kömək edirlər”.
Onun sözlərinə görə, oktyabrdan etibarən Azərbaycan məhsulları xarici televiziyalarda reklam olunacaq.
Nazir müavini qeyd edib ki, televiziyalarla yanaşı, qəzet, sayt və digər mətbu orqanlarda Azərbaycan məhsullarının təbliği həyata keçiriləcək.
Eyni zamanda S.Babayev deyib Kİ, 2018-ci ildən Azərbaycan məhsullarının xarici ölkələrin aeroportlarında olan “Duty Free”lərdə də təbliğinə başlanılacaq:
“Azərbaycan Hava Yolları” QSC və SOCAR-la danışıqlar aparırıq. “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar aeroportlarda təbliğ olunacaq, eləcə də “SOCAR”-ın xaricdəki məntəqələrində bu məhsulların satışı başlanacaq”.
S.Babayevin sözlərinə görə, iqtisadiyyat nazirliyi ixaracat məhsullarının siyahısını genişləndirmək üçün təkliflər hazırlayıb. O, bildirib ki, ixracatçılar klubu və biznes assosiasiyaları ilə birlikdə hazırlanmış təkliflər artıq hökumətə təqdim olunub.
//Trend

Mövzunu Facebookda şərh et