Avropa Komissiyası 30 min xəstənin “Remdesivir” preparatı ilə təminatı üçün tədarük müqaviləsi bağlayıb

17:46 | 31 İyul, 2020

COVID-19 pasiyentlərinin müalicəsində “Remdesivir” preparatına ümidlər böyük olduğuna görə, Avropa Komissiyası istehsalçı “Gilead” şirkəti ilə tədarük müqaviləsi imzalayıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, müqaviləyə əsasən avqust ayından etibarən 30 min pasiyentin bu preparatla təminatı nəzərdə tutulur. Avropada COVID-19-a qarşı rəsmi təsdiqlənən hələlik ilk dərman preparatı olan “Remdesivir” Avropa və Böyük Britaniyada ağır xəstələrin müalicəsində tətbiq ediləcəkdir.

Qeyd edilməlidir ki, iyul ayının əvvəlində “Remdesivir” preparatının yaşı 12-dən yuxarı olan COVID-19 xəstələrinin müalicəsində istifadəsinə icazə verilib. 63 milyon avro dəyərində müqaviləyə əsasən, qarşıdakı aylarda bu dərmana tələbat ödənməlidir.

“Remdesivir” təsir maddəsi Ebola virusunun müalicəsinə qarşı hazırlansa da, bu virusa qarşı effektli olmayıb. Aprel ayında mindən artıq xəstə üzərində aparılan tədqiqatlar zamanı bu dərman maddəsi qəbul edənlərdə xəstəliyin müddətinin digər xəstələrə nisbətdə dörd gün az olduğu müəyyən edilib. Mütəxəssislər bu dərman preparatını COVID-19 xəstəliyinə qarşı möcüzə hesab etməsələr də, müalicə prosesində müsbət təsiri danılmazdır.

Mövzunu Facebookda şərh et