backend

İŞİD-ə qoşulan azərbaycanlı: "Peşmanam"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanovvə Rəşadət Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə A.Qəhrəmanov son söz söyləyib. O, əməlindən peşman olduğunu, məhkəmədən bağışlanmasını xahiş edib.
Digər təqsirləndirilən Rəşadət Qasımov isə sön söz söyləmək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.
İttihama görə, hər iki şəxs İŞİD terror təşkilatının sıralarında döyüşüb. Onlar Azərbaycana qayıdarkən həbs olunublar. A.Qəhrəmanov 2013-cü ildə Suriyaya gedib. Onun yol xərcini isə tanışı Rəşadət Qasımov ödəyib.
Təqsirləndirilən A.Qəhrəmanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Suriyaya getməkdə məqsədinin yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxarmaq olduğunu deyib. Lakin Suriyaya getdikdən, orada baş verənləri gördükdən sonra fikrindən daşınıb və geri qayıdıb.
Digər təqsirləndirilən R.Qasımov isə özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində A.Qəhrəmanovun Suriyaya getmək istəməsindən xəbərsiz olduğunu göstərib. Afiqin ondan borc pul istədiyini deyib. Həmçinin ifadəsində “ən-Nusra” cəbhəsində olan şəxslərin onu Suriyaya dəvət etdiklərini, lakin getmədiyini göstərib.
A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.
///virtualaz.org