backend

Avropa Şurasında anti-Azərbaycan kampaniyasının gizlinləri – Məqsəd insan haqları deyilmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hansısa ölkədə insan haqları ilə bağlı problemləri aradan qaldırımaq üçün Avropa Şurası (AŞ) tərəfindən mövcud üsullardan istifadə olunması, xüsusilə ona təzyiqlər edilməsi düzgün deyil.
Çünki həmin dövlətə düşmən mövqedə duran, orada geosiyasi maraqları olan digər dövlətlər bundan dərhal sui-istifadə etməyə başlayır. Bu baxımdan görürük ki, AŞ-də Azərbaycanla bağlı məsələlərə diqqət həddən artıq çoxdur. Mən demirəm ki, bizdə insan haqları ilə bağlı qətiyyən problem yoxdur. Bəli, AŞ-yə daxil olan bütün keçmiş Sovet ölkələrində olduğu kimi, burada da belə problemlər var. Lakin AŞ-nin müxtəliq qurumları bunu nəzərə almır. Yenə də istəyirlər ki, hansısa qərarı məhz köhnə üsullarla həyata keçirsinlər, Azərbaycana təzyiq eləsinlər. Bunun üçün də insan haqları ilə bağlı məsələdən bəhanə kimi istifadə edirlər”.
 
Bunu açıqlamasında Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədri Murad Sadəddinov Avropa Şurasının Baş katibi Turbyorn Yaqlandın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunması istəyinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, belə problemlər bütün dövlətlərdə var, özü də bizdən kifayət qədər çox: “Məsələn, Ermənistanda insan haqlarının pozulması halları Azərbaycandan dəfələrlə çoxdur. Heç kim inkar edə bilməz ki, Ermənistan AŞ üzvü ola-ola digər üzv dövlətin ərazisini işğal edib və 1 milyondan çox azərbaycanlının həyati əhəmiyyətli – yaşamaq hüququnu, mülkiyyət hüququ və s. hüquqlarını pozub. Lakin AŞ bunun üstündən sükutla keçir, amma Azərbaycanla bağlı ayrı-ayrılıqda məsələləri çox yüksək səviyyədə müzakirəyə çıxarır. Bu da təbii ki, Azərbaycan hökumətinin ciddi narazılığına səbəb olur. Belə ayrı-seçkilik Azərbaycan hökumətini qeyri-ixtiyari olaraq düşünməyə vadar edir ki, deməli, AŞ səmimi deyil və bu məsələlərin arxasında insan haqları yox, tamam başqa problemlər, müəyyən dairələrin maraqları durur”.
 
Azərbaycanlı deputat Avropa Şurasının Baş katibini siyasi şantajda ittiham edir
M.Sadəddinovun fikrincə, Azərbaycana qarşı xüsusi ittihamların, ikili standartlı yanaşmaların kökündə bir sıra gizli məsələlər durur: “Əvvəla, Azərbaycan son dövrlərdə istər iqtisadi, istərsə də hərbi-siyasi baxımdan çox güclənib və bir çox beynəlxalq güclərin təzyiqlərinin qarşısında dayanaraq müstəqil siyasət yürütməkdə davam edir. Sadə dillə desək, Azərbaycan onların istəklərinin əleyhinə olaraq, bir çox məsələlərə qoşulmur. Bundan başqa, anti-Azərbaycan kampaniyası əsasən bir neçə bundan əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair protokolların imzalanmasından sonra başladı. O dövrdə bütün super güclər Türkiyəyə təzyiq göstərdilər ki, Ermənistanla sərhədləri açsınlar. Bu məsələdə Azərbaycan çox sərt mövqe ortaya qoydu. Bundan sonra ölkəmizə müxtəlif yollarla təzyiqlər başlandı və insan haqları bəhanəsi də bunun içində istifadə olundu. Ona görə burda həm ermənipərəst qüvvələr, həm də ermənipərəstliyin arxasında duran maraqlar var. Məsələn, hər bir super güc dövlət istəyir ki, Azərbaycan onun yanında olsun, digərləri ilə arası pozulsun. Səmimi deyim ki, Azərbaycanı Rusiyanın üstünə qaldırmaq istəyirlər, o isə buna getmir. Ona görə də belə təzyiqlər göstərirlər”.
 
Fondun sədri hesab edir ki, əgər onlar burda davamlı inkişafda, islahatların həyata keçirilməsində maraqlıdırlarsa, o zaman Azərbaycan Avropa Şurasının tərkibində qalmalıdır: “Nümunə olaraq onu göstərmək olar ki, Rusiyanın AŞ-də üzvlüyünün dayandırılması heç bir müsbət nəticə vermədi. Ona görə də hesab edirəm ki, Yaqlandın bu fikirləri uzaqgörənlikdən məhrumdur. Biz isə çalışmalıyıq ki, Azərbaycanın Avropa Şurasındakı imkanlarını məhdudlaşdırmasınlar. Çünki Azərbaycan bu quruma daxil olandan indiyədək bu təşkilatda qərarların qəbulunda Ermənistanın təsirini demək olar ki, sıfıra endirib. Əgər Azərbaycan AŞ-dən çıxsa, yaxud hansısa səlahiyyətlərimiz məhdudlaşdırılsa, bu erməni lobbisi üçün böyük imkanlar açacaq və Ermənistandan bundan mütləq istifadə edəcək”.
 
Hüquq müdafiəçisi qeyd edib ki, o, AŞ-da baş verənlərlə bağlı narahatlığını hələ bir müddət əvvəl bu qurumun rəhbərliyinə də bildirib və təşkilatda kifayət qədər ciddi dəyişikliklərə ehtiyac var: “Çünki AŞ yaradılanda tətbiq olunan prinsiplər, iş üsulları həmin dövr üçün aktual idi. Lakin daha sonra quruma yeni ölkələr üzv qəbul olundu, regionda çoxlu hadisələr baş verdi. Ümumiyyətlə, Avropa regionunda ciddi geosiyasi problemlər ortaya çıxdı. Bu baxımdan AŞ-dəki keçmiş fəaliyyət prinsipləri və üsulları artıq müasir dövrlə uyğun gəlmir və müxtəlif problemlər yaranır. Ona görə də AŞ-də ciddi islahatlara ehtiyac var”.
 
Qeyd edək ki, Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən “siyasi məhbus” kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL hərəkatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Yaqland sentyabrın 13-də Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu son nəticədə ölkənin Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər. Bu, 2001-ci ildən Avropa Şurasının üzvü olan və təşkilat çərçivəsində səmərəli fəaliyyəti, bütün məsələlərə dair öz mövqeyi və rəyi ilə seçilən Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən kampaniyanın tərkib hissəsidir.
//Milli.Az