backend

Müğənninin atasına ömürlük həbs cəzası verildi- arvadını və qohumunu öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlunun məhkəməsi davam edir. Qurban Hüseynov arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Qurban Hüseynov son sözlə çıxış edib.
O, hadisə zamanı özündə olmadığını, əsəbi olduğunu söyləyib.
“Bu çox böyük peşmançılıqdır. Özümdə olmamışam. Söyüş üstündə olub. Əsəbi olmuşam. Məhkəmədən humanistlik göstərməsini xahiş edirəm. Peşmanam. Xahiş edirəm yaşımı nəzərə alasınız. Körpə nəvəm var. İki tərbiyəli övlad böyütmüşəm. Bu günə qədər bircə dəfə də olsun polisə düşməmişəm. Çox peşmanam”- deyə R.Hüseynov son sözündə bildirib.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən Q.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
Bildirək ki, ötən prosesdə dövlət ittihamçısı Q.Hüseynova ömürlük azadlıqdan məhrumetmə cəzası istəmişdi.
Xatırladaq ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində baş verib.
Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.
Q.Hüseynov evdə olan baldızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olmuşdu.
Məlum olub ki, Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.
Qurban Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Q.Hüseynov arvadını və qohumunu öldürməsinə səbəb kimi aralarında yaranmış mübahisəni göstərib. O, mübahisə zamanı özünü itirdiyini və onları öldürdüyünü söyləyib. Mübahisəyə səbəb Q.Hüseynovun yatan həyat yoldaşını oyadaraq ondan yemək istəməsi olub. Q.Hüseynov xanımının onu və ailə üzvlərini təhqir etdiyini ifadəsində göstərib.
///Musavat.com