backend

"Vətəndaşlıqdan imtina edim?"-Təhsil Nazirliyinin Apellyasiyaya təzyiqi ilə bağlı yeni FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Apellyasiya Məhkəməsində Dağıstan Dövlət Pedoqoji Universitetində təhsil almış Orxan Məmmədlinin diplomunun tanınması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Proses hakim Elmira Nağıyevanın sədrliyi ilə baş tutub. 2016-ci ilin əvvəlindən başlayan prosesin yekunu olan bugünkü iclasda qərar çıxarılacağı gözlənilsə də, oktabrın 10-na təxirə salınıb. Şikayətçi məhkəmənin qərarına etiraz edib.
Daha sonra Təhsil Nariliyi və Nazirlər Kabinetinin 2009-cu ildə ixtisas tanıma ilə bağlı qərarını sübut kimi hakimlərə təqdim edərkən bildirib ki, qanunun geriyə qüvvəsi yoxdur: “Mən Universitetə 2007-ci ildə daxil olmuşam. Bu qərar isə 2009-da çıxarılıb. Qanunun geriyə güvvəsi olmadığını hakimlər məndən daha yaxşı bilirlər. Bu səbəbdən sözügedən qərarın mənim təhsilimə heç bir aidiyatı yoxdur. Bu sənət 2009-cu ildən etibarən qüvvəyə minib”. O.Məmmədli jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin ondan bu məsələ ilə bağlı rüşvət istədiyini deyib: “Təhsil Nazirliyi məni vətəndaşlığımdan imtina etməyə vadar edir. Mənim təhsil hüququmu əlimdən alır, qanunlarımı tapdalayır. Sözügedən nazirlikdə vəzifəsini icra edən qanuna, Ümumilli Lider Heydər Əliyevin qol çəkdiyi sənədlərə məhəl qoymurlar. Bu qurum bu gün mənə müxtəlif səbəblər gətirərək, diplomumu təsdiq etmək istəmir. O zaman belə çıxır ki, bu gün qanunla tənzimlənməyən, əsassız, yerli və beynəlxalq təhsil qanunlarını pozaraq, ən xırda məsələləri mənə səbəb kimi göstərən Təhsil Nazirliyinə, məsələnin lap əvvəlində tələb etdikləri rüşvəti versəydim, özlərinin gətirdiyi səbəbələrə göz yumacaqdılar? Təhsil Nazirliyi bilsin, mənim halal, qanuni diplomumu təsdiqləməsələr, Azərbaycan Respublikasının vətəndaşlığından imtina edəcəyəm. Bu zaman məsələ ölkə başçısı, cənab İlham Əliyevə çatacaq. O zaman bu qurumun başında oturanlar nə cavab verəcək? Vətənini, ölkəsini sevən, təhsil almaq hüququna malik vətəndaşı bezdirib, ölkədən qaçırtmaq istəyirsiz?”.
Şikayətçi Təhsil Nazirliyinin onun şəxsi məlumatlarını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə etdiyini deyib. Yəni, Gömrük İdarəsi O.Məmmədlinin ölkədən giriş-çıxışı haqda tam məlumatı Təhsil Nazirliyinin əməkdaşlarına təqdim edib. Məsələ ilə bağlı Nazirliyin nümayəndəsi qeyd edib ki, bu ekspertiza qaydası ilə tənzimlənir və nazirliyin buna hüququ çatır. Ancaq Təhsil Nazirliyinin Nizamnaməsində sözügedən maddə qeyd edilməyib. O. Məmmədli bu məsələyə də münasibət bildirib: “Təhsil Nazirliyi Nizamnaməsində vətəndaşın şəxsi məlumatını əldə etmək barədə heç bir məlumat yerləşdirməyib. Sənət tanıma ekspertiza keçirilmədən verilməlidir. Təhsil Nazirliyinin mənim şəxsi məlumatlarımı, ölkədən nə zaman çıxdığım və ya giriş etdiyim barədə məxfi məlumatlarımı əldə etməyə hüququ yoxdur. Bildiyimiz kimi, 1996-cı ildən Beynəlxalq Konvensiya qəbul edilib. Konvensiyaya görə, dövlətlər əgər qarşılıqlı olaraq bir-birlərini tanıyırlarsa, onlar arasında rəsmi hüquqi sənədlər varsa, o zaman diplomların tanınması ilə bağlı heç bir problem yaşana bilməz. Azərbaycan həm də 2001-ci ildə Avropa Şurasının tam hüquqlu üzvüdür. Bu həm də o deməkdir ki, Avropa Şurasında təmsil olunan ölkələrin diplomları birmənalı olaraq tanınmalıdır. Lakin Nazirliyin sözügedən idarəsi qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq diplomlardan imtina edir”.
Xatırladaq ki, iki ilə yaxındır başlayan məhkəmə prosesində birinci instansiya məhz Orxan Məmmədlinin xeyrinə qərar çıxardıb. Təhsil Nazirliyi çıxarılan hökmdən razı qalmayıb və Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə Nazirliyin xeyrinə qərar verib. Bundan sonra Orxan Məmmədli Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə vətəndaşın şikayətini təmin edib və işi yenidən Apellyasiya Məhkəməsinə qaytararaq, məsələni daha dərindən araşdırmaq tapşırığını verib.
Təhsil Nazirliyi ilə vətəndaşın qarşıdurmasında medianın diqqətini cəlb edən daha bir məsələ Apellyasiya Məhkəməsi ilə bağlıdır. Araşdırma zamanı məlum olub ki, Apellyasiya Məhkəməsində Təhsil Nazirliyi ilə vətəndaş arasında keçirilən proseslərin təxminən 98%-i məhz Nazirliyin xeyrinə həll edilib. Təkcə bu il ərzində sırf diplom tanıma ilə bağlı 53 vətəndaş müraciət edib. Bu müraciətdən cəmi 1 nəfərin diplomu təsdiq edilib. Burada haqlı sual ortaya çıxır, Təhsil Nazirliyi Apellasiya Məhkəməsinə təyziqlər göstərir? Əldə olunan digər məlumata görə, Nazirliyin hüquq şəbəsində rəhbər vəzifələrdən birini icra edən şəxsin yaxın qohumu Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimidir. Daha bir diqqət yetirilməli məlumat ondan ibarətdir ki, məhz hakim Elmira Nağıyeva təkcə bu il ərzində Təhsil Nazirliyi ilə bağlı 7 prosesə sədrlik edib. Bütün proseslər də Təhsil Nazirliyinin xeyrinə bitib.
//PrimeTime.az