backend

Türkiyə vətəndaşlarını işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarici İşlər Nazirliyinin sentyabrın 29-da yaydığı bəyanatda deyildiyi kimi, Türkiyə 25 ilə yaxındır, Azərbaycan torpaqlarının 1/5-nin işğalına son qoyulması ilə bağlı azərbaycanlı qardaşları ilə sıx həmrəylik içərisində hərəkət edir”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, bu baxımdan Azərbaycanın rəsmi qurumlarının icazəsi olmadan işğal altında olan Azərbaycan bölgələrinə səfər etmək beynəlxalq hüquqa ziddir: “Bununla yanaşı, həmin ərazilərə səyahət edən şəxslərə Azərbaycan qanunlarına əsasən müəyyən sanksiyaların tətbiq edildiyini, həmin ərazilərə səfər edən Türkiyə vətəndaşlarına lazım gələrsə, ölkənin konsulluq xidmətinin göstərilməsinin mümkün olmadığını, bununla da, vətəndaşlarımızın işğal olunmuş ərazilərə səfərdən çəkinmələrinin faydalı olacağını xatırlatmağı özümüzə borc bilirik”.
Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı – Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.
Sentyabrın 28-də Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.
Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sentyabrın 29-da isə Türkiyə XİN bəyanat yayaraq bildirib ki, dörd Türkiyə vətəndaşının işğal olunmuş Azərbaycan ərazilərinə səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib.
//APA