backend

Prezident İlham Əliyev: "Azərbaycan regionda sabitləşdirici rol oynayır"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir beynəlxalq forum vacibdir və dünyada qəbul olunacaq bütün qərarlar bu cür forumlarda müzakirə olunan mövzulardan asılıdır.
Bunu Prezident İlham Əliyev bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda Azərbaycan paytaxtında keçirilən V Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
İlham Əliyev qeyd edib ki, Qlobal Bakı Forumu Azərbaycanda birinci dəfə deyil ki, keçirilir və artıq ənənəyə çevrilib.
Dövlət başçısı forumun 50-dən çox ölkəni təmsil edən 260-dan çox qonağını salamlayıb: “Azərbaycan müstəqil dövlət kimi nisbətən gəncdir. Ötən il biz dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini qeyd etdik. Bizim fəaliyyətimiz, ölkədə həyata keçirdiyimiz layihələr bütün regiona müsbət təsir göstərir və bu, Azərbaycanın dünyaya təqdim olunması vasitələrindən biridir”.
Prezident vurğulayıb ki, bundan əvvəlki Bakı Forumundan bəri dünya heç də daha təhlükəsiz yerə çevrilməyib: “Regionumuzda hələ də həlli uzanmış münaqişələr, qarşıdurmalar, müharibələr mövcuddur. Bu, əlbəttə ki, çox təhlükəli tendensiyadır”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan öz regionunda mühüm sabitləşdirici amil rolunu oynayır və ölkənin təşəbbüsləri regional əməkdaşlığa və regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə istiqamətlənib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan ada deyil və qonşu ölkələrdə baş verən hadisələr ölkədə böyük narahatlıq doğurur.
Onun sözlərinə görə, hələ də çağırışlar, müharibələr, münaqişələr, miqrant böhranları mövcuddur və bütün bunlar böyük humanitar faciədir: “Miqrant böhranı, mən deyərdim ki, dünyanın müxtəlif hissələri arasında qarşılıqlı anlaşmanın azalmasına gətirib çıxarır. Bu, miqrantların üz tutduğu ölkələrin sakinləri üçün müəyyən narahatlıq yaradır”.
Prezident İlham Əliyev deyib ki, bu proses baş verənlərin nəticəsidir, çünki bu böhranın real səbəbi ölkələrin daxili işlərinə xarici siyasi və hərbi müdaxilələrdir.
Azərbaycan Prezidenti bildirib ki, miqrasiya böhranı beş-on il əvvəl yox, bu yaxınlarda baş verib: “Beləliklə, mən deyərdim ki, bu, Yaxın Şərq ölkələrinə münasibətdə aparılan düşünülməmiş siyasətin nəticəsidir. Bu isə öz növbəsində, miqrantların getdiyi ölkələrdə cəmiyyətlərin radikallaşmasına gətirib çıxarır”.
Dövlət başçısı təəssüflə qeyd edib ki, seçki kampaniyalarında diqqəti ən çox cəlb edən şüarlar millətçiliyə və antimiqrant əhval-ruhiyyəyə çox yaxın olan şüarlardır: “Son aylarda və illərdə biz bunun şahidi olmuşuq və bu, tendensiyaya çevrilib. Hesab edirəm ki, qlobal gündəlikdə dayanan ən vacib məsələlərdən biri bu tendensiyanı əksinə çevirməkdir, uzaqlaşma, siyasi qarşıdurmaya və sivilizasiyaların dialoqunun olmamasına deyil, daha çox əməkdaşlığa, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə yönəlməkdir”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan – coğrafi mövqeyi regiondakı rolunu əvvəlcədən müəyyənləşdirən ölkədir: “Biz sivilizasiyaların və mədəniyyətlərin dialoquna sərmayə yatırırıq. Azərbaycan özü Ermənistanın təcavüzü, torpaqlarının işğalı və humanitar faciədən əziyyət çəkir”.
Dövlət başçısı xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi – Dağlıq Qarabağ və yeddi ətraf rayon 20 ildən çoxdur davam edən erməni işğalı altındadır: “İşğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, Azərbaycanın tarixi və dini abidələri məhv edilib. ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərə nümayəndə heyəti göndərib və onların hesabatı da açıq-aşkar göstərir ki, bütün binalar və Azərbaycanın tarixi irsi məhv edilib”.
Prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın öz qonşusuna qarşı təcavüzünün, separatçılığın və Azərbaycana qarşı müharibənin nəticəsidir:
“Bu münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilən bir milyon azərbaycanlı əziyyət çəkib. Bu rəqəm dünyada adambaşına düşən ən yüksək göstəricidir. Bu gün Azərbaycan əhalisi 10 milyon nəfərə yaxınlaşır. Münaqişə başlayanda əhalinin sayı 8 milyon idi, yəni 8 milyondan 1 milyonu 1990-cı illərin əvvəllərində evsiz qaldı”.
//Trend