backend

"İndiki CHP Atatürkün mirasına doğru-düzgün sahib çıxa bilmədi" – AKP dilə gəldi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dəniz Baykal əvvəlcə Azərbaycana getsin, İlham Əliyevin idarəçilik modelini görsün, sonra belə qətnamələrə səs verər”
Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə qəbul olunan qətnaməyə Türkiyə deputatlarının da lehinə səs verməsi iki gündür mətbuatın gündəmindədir.
Əldə etdiyimiz məlumatlara görə, türk deputatlarının bu addımı təkcə media səviyyəsində deyil, dövlət strukturlarında da ciddi narazılıqla qarşılanıb.
AŞPA-da Azərbaycandakı durumla bağlı aparılan müzakirələrdə Türkiyənin bir sıra deputatları əks cəbhədə yer alıblar. Türkiyə parlamentində CHP-ni təmsil edən Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici Stefan Şennax və Sezar Florin Predanın hazırladığı “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə qətnamə ilə razı olduqlarını sənədin qəbul olunmasının lehinə səs verməklə nümayiş etdiriblər. Hələlik bununla bağlı nə Türkiyə hökuməti, nə Cümhuriyyət Xalq Partiyası, nə də AKP millət vəkilləri bir açıqlama verməyiblər. Xalqımızı narahat edən məqamlardan biri də “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” deyən böyük Atatürkün partiyasının təmsilçilərinin belə bir addım atmasıdır.
Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan millət vəkili Nurəddin Aras Moderator.az-a verdiyi  açıqlamada bu məsələyə öz münasibətini bildirib.
Millət vəkili deyib ki, Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Dünyada bir-birini belə dəstəkləyən, hər zaman bir-birinin yanında olan başqa belə iki dövlət yoxdur. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın necə vəziyyətdə olduğunu biz görmüşük. Ötən dövr ərzində Azərbaycanın necə bir inkişaf yolu keçdiyini görməmək insafsızlıqdır. Qardaş Azərbaycan bütün sahələrdə yeniliklərə imza atıb. Biz Bakıya hər gəlişimizdə yeniliklərin, dəyişikliklərin şahidi oluruq. Bunu ancaq Azərbaycana gələnlər bilər. Dəniz Baykal Azərbaycana o qədər yad bir insandır ki, qardaş ölkəyə getmədiyi, oradakı inkişafı, demokratiyanı, insanların yaşayış tərzini, Azərbaycanın Türkiyəyə olan diqqətini, xalqın bizə olan isti münasibətini görmədiyi üçün belə məsuliyyətsiz addımlar atır. Mən illərdir, siyasətlə məşğul oluram. Dəniz Baykalın sonuncu dəfə Azərbaycana nə vaxt getdiyini xatırlamıram. Dəniz Baykal əvvəlcə Azərbaycana getsin, oradakı inkişafı, hörmətli İlham Əliyevin idarəçilik modelini görsün, sonra belə qətnamələrə səs verər. İlham Əliyev bütün türk dünyasının ən güclü liderlərindən biridir. O, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanı bir sıra təhlükələrdən qoruyaraq bu günə gətirib çıxarıb. Bunu görüb qiymətləndirməyənlər ya kordur, ya da qərəzlidir.
Millət vəkili Türkiyə ilə Azərbaycanın ortaq iqtisadi layihələr reallaşdırdığını bildirib: “Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu iki qardaş ölkənin birlikdə həyata keçirdiyi layihələrdir. Avropanın enerji xəritəsini dəyişdirəcək TANAP layihəsinin reallaşdırılması da Türkiyə ilə Azərbaycanın bir-birinə dəstəyinin, güvəninin nəticəsidir. Belə möhtəşəm layihələri reallaşdıran Azərbaycanın əleyhinə səs vermək insafsızlıqdır, heç bir məntiqə sığmır. Mən həmin millət vəkillərinə demək istəyirəm ki, hansısa qərarı qəbul edərkən adam əlini vicdanının üstünə qoyar.
Nurəddin Aras həmin millət vəkillərini Azərbaycana getməyə dəvət edərək deyib:
“Dəniz Baykal orada xalqın içində olsun, insanlarla görüşsün. Ondan sonra görək gəlib burda bizə nə danışacaq. Orda insanların öz ölkələrinə olan məhəbbətindən, Türkiyəyə qarşı hörmət və ehtiramından, sevgisindən, Azərbaycanda demokratik dəyərlərə böyük önəm verilməsindən başqa bir söz deyə bilməz.
“Bizi narahat edən həm də odur ki, Azərbaycanın əleyhinə səs verən millət vəkilləri Mustafa Kamal Atatürkün qurduğu partiyanın təmilçiləridir” xatırlatmamıza Nurəddin Aras belə cavab verib:
“Bunlar birlik, bərabərlik, vətən sevgisi nədir bilmirlər. İndiki CHP Atatürkün mirasına doğru-düzgün sahib çıxa bilmədi. Dəniz Baykal kimilər öz ölkəmizin, prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da əleyhinə təbliğat aparır, xalqın seçdiyi hakimiyyəti Qərb ölkələrinə şikayət edirlər. Əgər birisi möcüzəvi bir şəkildə suyun üzərində yeriyə bilsə, bunlar deyəcəklər ki, ayaqları suya dəyib. Bunlar hər yaxşı şeyə bir bəhanə tapa bilən adamlardır. Çox təəssüf ki, bizim parlamentimizdə belə zehniyyət sahibi millət vəkilləri də vardır”.
Millət vəkili Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirərək vurğulayıb ki, Türkiyədə çevriliş cəhdi olanda onu ilk dəstəkləyən Azərbaycan oldu. Yaxud Türkiyədə ard-arda terror hadisələri baş verərkən ölkəmizə gəlib öz dəstəyini ifadə edən yenə İlham Əliyen idi. Avropa Şurası Parlament Assambleyasında bizim üçün bu qədər önəmli bir ölkənin əleyhinə səs verməyin haqlı bir səbəbi ola bilməz, bunun açıqlaması yoxdur. Bu hadisə bizi və bütün xalqımızı çox narahat edib. Demək istəyirik ki, Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Onların belə məsuliyyətsiz hərəkəti Türkiyə hakimiyyətinin və türk xalqının mövqeyini ifadə etmir.