backend

Diasporumuz Rusiyada adı qətldə hallanan azərbaycanlı gəncin müdafiəsinə qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlıları Assambleyası (DAA) Rusiyanın bir sıra dövlət orqanlarının, ictimai təşkilatların rəhbərlərinə müraciət ünvanlayıb.
Müraciətdə Rusiyada milliyyətcə rus və azərbaycanlının məişət zəminində davası nəticəsində baş vermiş ölüm hadisəsinin milli münaqişə kimi təqdim və təbliğ edilməsindən narahat bildirilir və məsələnin diqqətdə saxlanılması, onun etnik müstəviyə çıxarılmasına imkan verilməməsi xahiş edilir.
 
Məktubda deyilir: “20.08.2017 tarixində əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Andrey Dryaçov arasında sırf məişət xarakterli münaqişə baş vermişdir. Hadisə nəticəsində hər iki tərəf bir birinə qarşı zor tətbiq etmiş, nəticədə cənab Andrey Dryaçov çox təəssüf ki, vəfat etmişdir. Bu hadisə Rusiyada yaşayanlarla yanaşı, biz azərbaycanlıları da üzmüşdür. Gənc, istdadlı, perespektivli idmançının vəfatı arzuolunmaz bir hadisədir. Biz vəfat edən cənab Dryaçovun ailəsinə üzüntülü olduğumuzu bildirir, ailəyə səbr və dözüm diləyirik.
 
Ancaq sırf məişət xarakterli bu hadisəni milli münaqişə olaraq təqdim etməyə cəhdlər edənlər var. Rusiya ilə Azərbaycan güclü əməkdaşlığa dayanan iki dost ölkədir. Rusiyada milyonlarla azərbaycanlı ruslarla dostluq, sülh şəraitində yaşayır, eyni şəkildə Azərbaycanda da minlərlə ruslar etnik təzyiqə məruz qalmadan dostluq mühiti içərisində yaşayırlar. Bu belə də olmalıdır. İki şəxsin aralarında olan və sonu ölümlə nəticələnən bu ağır hadisədən istifadə edib xalqlarımız arasında dostluq mühitini korlamağa cəhdlər edilir. Müttəhim Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan əsl isteriya qalxıb və təkbətək davaya millətlərarası xarakter verilib.
Hörmətli xanımlar və cənablar!
Hadisəni törədən Anar Allahverənov gəncdir. Ola bilsin ki, o münaqişə anının psixoloji təzyiqi altında özünə, hisslərinə nəzarət edə bilməyib, nəticədə bu cinayət törədilib ancaq çox ağır cəzanın verilməsi də bu gəncin gələcəyə olan inamının birdəfəlik qırılması olar. Biz, 30-a yaxın ölkədə təmsilçisi olan beynəlxalq ictimai təşkilat olaraq sizdən Anar Allehverənovun işini şəxsi nəzarətinizdə saxlamanızı, məsələnin milli və etnik müstəviyə çıxarılmasına imkan verməmənizi rica edirəm”.
 
Qeyd edək ki, DAA-nın prezidenti Rəşad Quliyev tərəfindən edilən müraciət Rusiya Federasiyasının Ədliyyə naziri Aleksandr Konovalova, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikova, Rusiya prezidentinin köməkçisi, Dövlət Hüquq idarəsinin rəhbəri Larisa Brıçevaya, Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə, Rusiya Federal Məhkəmə Ekspertizası Mərkəzinin direktoru Svetlana Smirnovaya, Baş prokuror Yuriy Çaykaya, Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Mixail Fedotova, Dövlət Dumasının Milli məsələlər üzrə komitəsinin rəhbəri İldar Qilmutdinova və Rusiya Federasiyasının İnsan Haqları üzrə yüksək komissarı Tatyana Moskalkovaya ünvanlanıb.
 
 
Xatırladaq ki, avqustun 20-də səhər tezdən Xabarovsk şəhərində kafelərindən birinin qarşısında əslən azərbaycanlı olan idmançı, Rusiya vətəndaşı Anar Allahverənov digər rusiyalı, pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovla dalaşaraq ona öldürücü zərbə endirib. Təcili yardım Draçyovu xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Allahverənov isə hadisədən sonra qaçaraq gizlənib. Lakin Federal səviyyədə, eləcə də “İnterpol”un axtarışına verilən Allahverənov sentyabrın 18-də özü Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə gələrək təslim olub.
//Milli.az