backend

“Qarabağ”-“Atletiko Madrid” oyunu zamanı Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtac-a açıqlamasında deyib.
O bildirib ki, “Qarabağ”ın oyunu zamanı sadəcə “Koroğlu” metro stansiyası deyil digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Həmçinin “Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün müxtəlif tədbirlər görüləcək, şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər.
N.Paşayevin sözlərinə görə, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək. Bunun üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq.
Metropoliten rəsmisi qeyd edib ki, Bakı metrosu oyundan çıxan bütün sərnişinləri qəbul etmək iqtidarındadır. Sərnişin çox olarsa axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunlarında da bu tətbiq edilib.