backend

Kimdir bu "müstəqil ekspertlər", adları niyə qapalı saxlanılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Helsinki komissiyasının oktyabrın 18-də keçirəcəyi “Qarabağ dinləmələri”ndə iştirak üçün Azərbaycandan kimlər dəvət edilib? Tədbirin təşkilatçısı, Helsinki komissiyasının həmsədri Kristofer Smit bu məqamı, hələ ki, “sürpriz” kimi saxlayır.
O, tədbir barədə yarana biləcək texniki suallara nisbətən cavab verib. Yaydığı ilkin relizdə bildirib ki, “dinləmələr oktyabrın 18-də keçiriləcək, orada Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano, Ceyms Uorlik, Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər. Tədbirdə Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bunun qarşısının alınmasında ABŞ və ATƏT-in rolu müzakirə ediləcək” və sair. Amma Smitin bu cavablar sırasında üzərindən sakitcə keçmək istədiyi bir məqam da var: tədbirin təşkili ilə bağlı yayılmış məlumatda qeyd edilir ki “dinləmələrdə…, həmçinin, münaqişə üzrə tanınmış müstəqil ekspertlər iştirak edəcəklər…” Kimdir bu “müstəqil ekspertlər”, adları niyə qapalı saxlanılır? O cümlədən, əgər mövzu Qarabağdırsa, təbii ki, burada Azərbaycan təmsilçilərinin iştirakı təmin edilməli, mövqeləri dinlənilməlidir. Azərbaycandan və Ermənistandan kimlər dəvət edilib bu tədbirə; ölkənin rəsmi qurumlarının, legitim vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin edilibmi dinləmələrdə?
Təcrübəyə əsaslansaq, deyə bilərik ki, Smitin yaydığı ilkin relizdə bu məqamın üzərindən sakitcə keçilməsi təsadüfi deyil. Onun təşəbbüsü ilə Helsinki komissiyası indiyədək Azərbaycanla əlaqəli, təqribən, 8 tədbir keçirib. Hər dəfə də Azərbaycanı haqsız duruma salmaq üçün bənzər texnologiyadan istifadə edilib. Toplantılarda Ermənistanın rəsmi təmsilçilərilə yanaşı, erməni təəssübkeşliyi ilə seçilən QHT-lərin də iştirakı təmin edilib. Eyni zamanda, beynəlxalq səviyyəli müstəqil ekspertlər adı altında ya birbaşa erməni olan, ya da erməni təəssübkeşliyi ilə tanınan “ekspertlər” dinləmələrə qatılaraq yekun rəyin Azərbaycan əleyhinə yönəlməsinə çalışıblar. Smit “tədbirdə balans qorunub” rəyi yaratmaq üçün, ənənəvi olaraq, “QHT təmsilçisi” qismində Azərbaycan soyadlı şəxslərdən də kimlərisə bu tədbirlərə dəvət edir. Amma bu günədək keçirilən dinləmələrə “Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri” adıyla dəvət edilən şəxslərin siyahısına baxdıqda görünür ki, siyahını tərdib edərkən, xüsusi seleksiya aparılıb.
Siyahıya”Azərbaycan QHT təmsilçisi” qismində o təşkilatlar daxil edilirlər ki, belələri hətta legitim müxalifət təmsilçiləri də deyillər; əksəriyyəti zamanında Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparmış, Azərbaycanın beynəlxalq imicinin ləkələnməsi üçün cani dildən çalışmışlar. Onlar hətta açıq tekstlə müraciət imzalayaraq Azərbaycanın Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündən çıxarılmasını tələb etmiş, əvəzində Ermənistanın MHŞT-yə qoşulmasını dəstəkləmişlər. Paralel olaraq, kampaniya keçirərək Azərbaycanın Açıq Hökumət Təşəbbüsündən çıxarılmasına nail olmaq istəmişlər. Avropa Şurasına müraciətlər ünvanlayaraq, Azərbaycanın bu qurumdan çıxarılmasını tələb etmişlər. Nəhayət, Smitin 2015-ci ildə hazırladığı “Azərbaycan təmsilçilərinə adlı sanksiyalar tətbiq edilməsi” layihəsini alqışlamışlar. Smitin də daxil olduğu erməni lobbi qruplarının bu tip “Azərbaycan QHT təmsilçiləri” ilə təmasları təsadüfi deyil, bu “təmsilçilər” uzun illər boyunca düşünülmüş şəkildə yetişdiriliblər, ölkəmizə qarşı istifadə edilmək üçün hazır duruma gətiriliblər. Erməni diaspor şəbəkəsi “beynəlxalq donor təşkilatı” adlarından istifadə edərək lazımi anda yararlan biləcəklər “Azərbaycan QHT təmsilçiləri” qrupunu formalaşdıra biliblər, onların fəaliyyətləri maliyyələşdiriblər, “beynəlxalq tədbirlərdə” iştiraklarını təmin ediblər. Bu qurup Smitin təşkil etdiyi 8 dinləmənin hər birində iştirak edərək Ermənistana qarşı yox, tədbirə qatılmış və ölkəmizin haqlı mövqeyini səsləndirmək istəyən Azərbaycan hakimiyyət təmsilçilərinə qarşı durmaqla, tədbirin ruhunun anti-Azərbaycan ovqatda köklənməsinə şərait yaratmışlar.
18 oktyabr dinləmələri ilə əlaqəli yayılmış ilkin relizdə tədbirə dəvət ediləcək “müstəqil ekspertlər” məsələsi üzərindən sakitcə keçilməsi deməyə əsas verir ki, bənzər praktika bu dəfə də istifadə ediləcək. Amma effekt verəcəkmi?
Smitin Azərbaycana qarşı qurduğu planlarda şəksiz qalib gəldiyi yeganə fakt 1992-ci ildə qəbuluna nail olduğu “Azadlığa Dəstək” Aktına 907-ci düzəlişdir. Hansı ki, həmin düzəliş yeni müstəqillik qazanan Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdı. Amma Azərbaycanın mövcud hakimiyyətinin uğurlu xarici siyasəti nəticəsində sonradan bu düzəlişin tətbiqi dayandırılıb. Həmçinin, K. Smitin erməni şəbəkəsi ilə birgə hazırladığı onlarla digər layihə iflasa uğradılıb. İflasa uğradılan layihələr sırasında Smitin 2015-ci ildə irəli sürdüyü təşəbbüs də var. Görünür, silsilə məğlubiyyət Helsinki komissiyasının həmsədrini qıcıqlandırıb.
//milli.az