Dünya liderləri İlham Əliyevi təbrik etdilər

20:13 | 17 Oktyabr, 2017

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev İlham Əliyevə təbrik məktubu göndərib.
 
Təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və dost Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Bu bayram cəmiyyətdə həmrəyliyin, sülhün və sabitliyin rəmzi, Azərbaycan xalqının öz tarixi birlik ənənələrinə sədaqətinin, öz dövlətini dirçəltmək və möhkəmlətmək əzminin sübutudur.
Müstəqil Azərbaycan Respublikası tarixi baxımdan qısa müddətdə iqtisadiyyatın, sosial sahənin inkişafı, vətəndaşların rifahının yüksəldilməsi sahələrində sanballı uğurlar qazanıb, Qafqaz regionunda sabitlik və sülh amilinə çevrilib. Əlbəttə, bu müsbət nəticələr Sizin yürütdüyünüz ölçülüb-biçilmiş xarici və daxili siyasət sayəsində qazanılıb.
Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.
 
MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyevdən:
“Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Dövlət Müstəqilliyi Günü münasibətilə MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimi qəbul edin.
Azərbaycan Respublikası müstəqillik illərində siyasi, iqtisadi və sosial inkişaf sahələrində sanballı uğurlar qazanıb, beynəlxalq arenada mövqelərini inamla möhkəmlədib. Regional və ümumdünya gündəliyindəki məsələlərin həllində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb.
Sizə – görkəmli dövlət xadiminə və siyasi xadimə və bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.
 
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevdən:
“Möhtərəm cənab Prezident. İcazə verin, Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını ürəkdən təbrik edim. Bu bayram azadlıqsevər Azərbaycan xalqının mərdliyinin təcəssümüdür. Həmçinin bu bayram təməli zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyev tərəfindən qoyulan və Sizin müdrik rəhbərliyinizlə davam etdirilən inkişaf yolunun düzgün olduğunu təsdiq edir.
Müstəqillik illərində Azərbaycan dünya arenasında sosial ədalət və insanlara qayğı prinsiplərinə əsaslanan yol ilə ardıcıl irəliləyən ölkə kimi sarsılmaz nüfuz qazanıb. Sizin şəksiz diplomatik istedadınız sayəsində Azərbaycan çoxşaxəli xarici siyasət strategiyasını parlaq şəkildə həyata keçirir. Qəti əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeləri naminə Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək. Sizə və bütün həmvətənlərinizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzu edirəm”.
 
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Əlamətdar bayramınız – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün birlik, sülh və sabitlik rəmzi, Sizin müdrikliyinizin və Azərbaycan xalqının öz ənənələrinə sadiqliyinin təsdiqidir.
Sizə dövlətçiliyin möhkəmlənməsinin, elmin, təhsilin və səhiyyənin inkişafının mühüm amili olan əmin-amanlıq və firavanlıq arzu edirəm.
Azərbaycan Respublikasının vətəndaşlarına xoşbəxtlik, cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm”.
 
İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud İlham Əliyevə təbrik məktubu göndərib.
təbrikdə deyilir:
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.
Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm.
 
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
Hörmətli cənab Prezident.
Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu münasibətlə Sizə, ölkənizə və xalqınıza xoşbəxtlik, rifah və tərəqqi arzu edirəm. Xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edirik. Sizin xalqımızın hüquqlarına, müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizi yüksək qiymətləndiririk. Bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün faydalı müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzu edirəm. Xahiş edirəm, ən səmimi təbriklərimi qəbul edin.
// AZƏRTAC