backend

Diasporumuz Ermənistana 80 milyon avro vermək istəyən Avropa Birliyini sorğulayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Avropa Birliyi noyabrda Şərq Tərəfdaşlığı Sammitində Ermənistanla imzalanacaq “Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq” Sazişinin detallarını açıqlayıb. Bu məsələ ilə əlaqədar Dünya Azərbaycanlıları Assambleyası (DAA) Avropa Komissiyasının prezidenti cənab Jan-Klod Yunkerə sorğu göndərib.
 
DAA-nın rəhbəri Rəşad Quliyevin adından ünvanlanan sorğuda deyilir ki, Avropa Birliyi və Ermənistan arasında “Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqda” Sazişin bu ilin noyabrında Brüsseldə – Şərq Tərəfdaşlığı Sammitində imzalanması planlaşdırılır. Avropa Birliyi Şərq Tərəfdaşlığı əməkdaşlığı çərçivəsində Ermənistan Respublikasına 80.000.000 (səksən milyon) avro məbləğində yardım ayırmağı planlaşdırır. Bununla bağlı hazırda milyonlarla azərbaycanlını düşündürən sualların olduğunu qeyd edən R.Quliyev dünyanın 30 ölkəsində təmsilçisi olan, mərkəzi ofisi Almaniyada fəaliyyət göstərən beynəlxalq ictimai təşkilat olaraq DAA adından AK prezidentinə bir neçə sual ünvanlayıb:
 
“1. Avropa Komissiyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar dəfələrlə açıq şəkildə bəyan etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırlar. Əgər belədirsə, o zaman beynəlxalq hüququn qəbul etdiyi “ius cogens fundemantal” prinsiplərini pozan Ermənistana siyasi, iqtisadi və digər sanksiyalar tətbiq olunmur?
2. Cənubi Osetiya, Abxaziya, Krımın işğalı ilə Dağlıq Qarabağın işğalı arasında fərq nədən ibarətdir? Hansı səbəbdən Abxaziya, Cənubi Osetiya, Krımla bağlı tətbiq olunan sanksiyalar, Dağlıq Qarabağ məsələsində Ermənistan Respublikasına qarşı tətbiq olunmur?
3. Balkanlarda etnik təmizləmə siyasəti həyata keçirən beynəlxalq hüququn “jus cogens və erga omnes” prinsiplərini (soyqırım, insanlığa qarşı cinayət) pozan Serbiyanın keçmiş lideri Miloşeviçə qarşı məhkəmə qərarı çıxarıldığı halda, miqyasına görə 20-ci əsrin ən böyük soyqrımı olan Xocalı soyqrımının təşkilatçısı və ona birbaşa rəhbərlik etmiş, bunu müsahibələrində belə danmayan Ermənistan prezidenti və rəhbərliyinə qarşı beynəlxalq birliyin loyal münasibətinin səbəbi nədir?
4. Sizcə beynəlxalq birliyin işğalçılara və separatçılara qarşı bu cür loyal münasibəti gələcəkdə baş verə biləcək işğalçılıq halları üçün mənfi presedent halı yaratmırmı?
5. Sanksiyalar əvəzinə bu cür dəstək və əməkdaşlıqların faktiki olaraq Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ məsələsində güzəştə getməməsi üçün stimillaşdırıcı rol oynayacağını düşünmürsünüzmü?”
Qeyd edək ki, Saziş layihəsində 80 milyon avroluq yardımdan savayı, AB ilə Ermənistan arasında siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlığı, Ermənistanın Birliyin proqramlarında fəal iştirakı nəzərdə tutulur. Layihədə həmçinin qeyd olunur ki, “Metsamor” Atom Elektrik Stansiyasının bağlanmasının, eləcə də Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin və danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinin vacibliyi qeyd edilir.
//Milli.az