Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidentinə məktub göndərib

22:10 | 18 Oktyabr, 2017

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.
Q. Berdiməhəmmədovun məktubunda deyilir:
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Türkmənistan ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək səviyyəsini, bu münasibətlərin müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, ticari-iqtisadi, sosial, mədəni-humanitar və digər sahələrdə daim möhkəmlənməsini və inkişaf etməsini qeyd etməkdən fərəh duyuram. Türkmənistan-Azərbaycan dövlətlərarası dialoqun daha da genişlənməsinə ölkələrimizin sadiqliyi hər iki xalqın mənafelərinə uyğundur. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan xalqına isə ən səmimi təbriklərimi çatdırır, sülh və firavanlıq arzu edirəm”.
Azərbaycan prezidentini 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibəti ilə həmçinin Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və “RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev təbrik ediblər.
//APA