backend

Deputat: D-8 Zirvə görüşü Azərbaycanın potensialını və qarşılaşdığı problemləri dünya ictimaiyyətinə çatdırmaq üçün yaxşı platforma oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Bunu Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr hər iki tərəf üçün çox vacib və önəmlidir: “Hər iki ölkə bir-birinə qardaşdır. Hər zaman olduğu kimi bütün məsələlərdə həmrəydirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən bu tədbirə dəvət etməsi bu həmrəyliyin bariz nümunəsidir”.
Onun sözlərinə görə, İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü həm də ölkəmizin potensialını və qarşılaşdığı problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün yaxşı platformadır: “Görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bir sıra məsələlərə toxundu, xüsusən də Azərbaycanın ən əsas problemi olan ərazi bütövlüyü ilə bağlı ölkəmizin mövqeyini səsləndirdi, erməni təcavüzü haqqında, bu təcavüzün törətdyi fəsadlar haqqında görüş iştirakçılarını bir daha məlumatlandırdı. Düşünürəm ki, bu məsələ istiqamətində də həm IX Zirvə görüşünün iştirakçıları, həm də digər dövlətlər Azərbaycanın mövqeyinə diqqətlə yanaşmalıdır və ədalətli mövqedən çıxış etməlidir”.
Qeyd edək ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.
//Trend