Nazir: “Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair saziş əlaqələrin inkişafına əsaslı hüquqi çərçivə yaradacaq”backend

Nazir: “Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair saziş əlaqələrin inkişafına əsaslı hüquqi çərçivə yaradacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya parlamentinin xarici əlaqələr və portuqal icmaları Komitəsinin vitse-prezidenti Pedro Filipe Soareslə görüşüb.
Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsinin əhəmiyyəti qeyd olunub.
E. Məmmədyarov Azərbaycanın Avropa İttifaqı üzv ölkələri və Aİ ilə əlaqələrindən danışaraq Aİ Şurasının verdiyi mandat əsasında Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə tezliklə danışıqlara başlanmasının müsbət addım olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, bu saziş nəticə etibarilə Azərbaycan və Aİ arasında əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq.
Görüşdə E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti barədə həmsöhbətinə məlumat verərək Ermənistanın destruktiv və təxribatçı addımlarla danışıqları pozmaq siyasəti yürütdüyünü vurğulayıb.
P. Soares bu səfərin iki ölkə arasında siyasi dialoqun güclənməsinə və əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini deyib. O, Portuqaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyini diqqətə çatdırıb.
Həmçinin, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.