"Bakı-Tbilisi-Qars dəmir yolu tək regionda deyil, dünyada tarixi bir hadisədir"

18:12 | 30 Oktyabr, 2017

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması tək regionda deyil, dünyada tarixi bir hadisədir”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
 
A.Mirzəzadə bildirib ki, bu xəttin açılışı ilə regiondakı vəziyyət kökündən dəyişir: “Ölkələr arasında daha sıx əlaqələr yaranır. 100 minlərlə iş yeri açılır. Çindən tutmuş Avropaya qədər mallar çox qısa zamanda və sürətlə çatdırılır. Eyni zamanda bu layihə sülhü və təhlükəsizliyi gücləndirir”.
Deputat bildirib ki, bu xətt Ermənistandan da keçə bilərdi, ancaq Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi onu bu perspektivli layihədən kənarda qoydu: “Dəmir yolu xətti Ermənistandan keçsəydi, onun büdcəsi heç nə etmədən hər il böyük həcmdə valyuta qazanardı, yeni iş yerləri açılardı, Ermənistan iqtisadiyyatı dirçələrdi. Amma göründüyü kimi, aqressiv, düşünülməmiş siyasəti Ermənistan üçün öz acı nəticəsini göstərir. Ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyi, qardaşlıq münasibətlərini real işdə göstərmələri artıq bəhrəsini verir və bu dəmir yolu xəttinin açılışı bir daha göstərir ki, ölkələr bir-biriləri ilə ilk növbədə ümumi maraqları ortaya qoymaqla, dostluq, əməkdaşlıq etməklə və ən əsası isə müasir dünyanın tələblərinə uyğun münasibətlər qurmaqla çox böyük işlər görə bilirlər”.
A.Mirzəzadə əlavə edib ki, BTQ dəmir yolunun açılşı ilə Azərbaycanın regionda nüfuzu daha da yüksəlir: “Azərbaycan bu cür böyük layihələrin təşəbbüskarı və dəstəkvericisi kimi arzuolunan bir müttəfiqə çevrilir”.
Qeyd edək ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.
//Trend

Mövzunu Facebookda şərh et