backend

"Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malik layihədir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli bir layihədir.
 
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, BTQ beynəlxalq əhəmiyyətli bir layihədir: “Bunun siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür. Yəni iqtisadi baxımdan başqa sahələrdən də ölkə üçün gəlir əldə etmək olur. Amma siyasi və beynəlxalq baxımdan bu layihə çox mühüm bir addımdır. BTQ-nin bugünki açılış mərasimində də Orta Asiya ölkələrinin iştirakı onu göstərir ki, bu, tarixi əhəmiyyətə malik bir layihədir. Bu layihənin müəllifi ümummilli lider Heydər Əliyevdir. İstər Bakı-Tbilisi-Ceyhan layihəsi, istər Cənub Qaz Dəhlizi və digər layihələrin müəllifi ümummilli lider Heydər Əliyevdir və onun uzaqgörən siyasəti nəticəsində bu addımlar atılıb və Prezident İlham Əliyevin iradəsi nəticəsində bu layihələr reallaşıb”.
Deputat əlavə edib ki, BTQ layihəsi region ölkələrinin birliyi, təhlükəsizliyi və əməkdaşlığına xidmət edən mühüm bir addımdır: “Hesab edirəm ki, keçmiş sovet məkanından da bu layihələrə qoşulanlar olacaq. Bu dəmir yolunun iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Həm yük, həm də sərnişin daşımaları ilə bağlı ölkəmiz gəlir əldə edəcək. Bu layihə həmçinin turizm potensialının genişlənməsinə xidmət edəcək”.
S.Novruzov hesab edir ki, BTQ-nin açılışından sonra Azərbaycanı istəməyən qüvvələr tərəfindən müəyyən qarayaxma, böhtan kampaniyasının da olacağı, o cümlədən Azərbaycan daxilində olan müxalifətin bu kampaniyaya qoşulacağı gözlənilir: “Bu layihənin açılış mərasiminə bir neçə gün qalmış mitinqin keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycan bu qədər böyük iş görür, Ermənistanı tamamilə blokadaya alır, ancaq müxalifət erməni lobbisinin təhriki ilə müxtəlif şüarlar altında mitinq keçirir. Amma buna baxmayaraq, ölkə Prezidentinin cəsarəti, iradəsi və ölkə başçısı ilə xalqın birliyi gələcəkdə də bu cür layihələrin həyata keçirilməsinə dəstək verəcək”.
Deputat vurğulayıb ki, BTQ Avropa İttifaqı ilə sazişin yenilənməsi ərəfəsində açılıb: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Avropanın diqqətini cəlb edən ən mühüm layihələrdən biridir”.
Qeyd edək ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.
//Trend

Facebook Notice for EU! You need to login to view and post FB Comments!