backend

Millət vəkili Tovuzun problemlərindən danışıb və müvafiq qurumları onların həllinə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva MM-də Tovuzun problemlərindən danışıb və müvafiq qurumları onların həllinə çağırıb
Bu gün Milli Məclisdə Azərbaycan Respublikası Hökumətinin 2016-cı hesabatının müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzun böyük və təhsil göstəriciləri yaxşı olan kəndlərindən olan Bozalqanlı da daxil olmaqla bir sıra kəndlərində yeni məktəb tikintisinə böyük ehtiyac var. O bildirib ki, bu kəndlər əhali sayına görə böyük kəndlərdəndir və onların hər birinin sadəcə bir məktəbi var və ümumi istilik sistemləri olmayan həmin məktəblər təhsil üçün yaxşı vəziyyətdə deyil və həmin kəndlərdə təcili olaraq yeni məktəb tikintilərinə ehtiyac var. Millət vəkili bildirib ki, məktəblərin səviyyəsinin yaxşı olmaması normal təhsil ənənələri olan bu kəndlərdə təhsilin səviyyəsinə də özünün mənfi təsirini göstərir və təcili olaraq bu problemin həlli zəruridir. Bu məsələ ilə bağlı Təhsil naziri Mikayıl Cabbarov ilə danışdığını və müzakirə etdiyini deyən millət vəkili Qənirə Paşayeva hökumətə həmin kəndlərdə yeni məktəb tikintisi ilə bağlı rəsmi müraciət göndərdiyini də deyərək bu məsələnin yaxın zamanlarda öz həllini tapacağına inandığını deyib.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təhsil sahəsində, yeni məktəb tikintisi sahəsində böyük işlər görüldüyünü və Tovuzda da yeni məktəblər tikildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hökumətdən bu kəndləri də diqqətdə saxlamağı və maliyyə ayrılmasını xahiş edib. Millət vəkili Qənirə Paşayeva Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışıb və bildirib ki, Tovuzun bir sıra kəndlərində qazlaşma prosesi hələ də başa çatmayıb. Millət vəkili “Azəriqaz” rəhbərliyini Ermənistanla ön cəbhə rayonu olan Tovuz rayonunun kəndlərinin qazlaşdırılması prosesini başa çatdırmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizin I Vitse-prezidenti Mehriban Əliyavanın ilk toplantısını qaçqın və məcburi köçkünlərin məsələlərinə həsr etməklə əslində cəmiyyətimiz üçün də bir mesaj vermiş oldu: “Hunanlar kəndi Ermənistandan qaçqın düşmüş insanlarımızın məskunlaşdığı kəndlərdən biridir, həmin kəndin bütün sakinlərinin təbii qaz verilməsinə ehtiyacı var. Hunanlar kəndi ilə bağlı “Azəriqaz” rəhbərliyinə xüsusi müraciət etdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu kənd də daxil olmaqla indiyənədək qazlaşdırılmayan kəndlərin qazlaşdırılmasını başa çatdırmağa çağırıb və həmin kəndlərin əhalisinin hər görüşdə bu məsələni xüsusi qaldırdığını və hökumətə onların adından xahiş etmələrini istədiklərini deyib. Bu məsələnin cənab Prezidentin hər zaman diqqətində olduğunu deyən millət vəkili Qənirə Paşayeva ümid edir ki, 2017-ci ildə Tovuzun təbii qaz ilə təchiz olunmayan kəndlərinin qazlaşdırılması prosesi başa çatacaq və hökuməti ön cəbhə rayonu olan Tovuzda bu prosesin tezliklə başa çatmasına ciddi dəstək göstərməyə çağırıb.
Qənirə Paşayeva rayonun Əlimərdanlı, Qaraxanlı, Xatınli, Qədirli və Cilovdarlı kəndlərinin içməli su problemindən əziyyət çəkdiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Tovuz rayonuna yeni içməli su xətti çəkilib və rayonun su probleminin həlli istiqamətində ciddi addımlar atılıb.
Bu kəndlərə həmin xətdən su verilməsi, su xəttinin çəkilməsi üçün millət vəkili “Azərsu” rəhbərliyinə bir neçə dəfə xahiş etdiyini deyərək hökuməti qısa zamanda minlərlə insanın üzləşdiyi bu problemin həlli istiqamətində dəstək göstərməyə çağırıb.
Millət vəkili Qənirə Paşayeva əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan Tovuz rayonunda insanların əkin sahələrinin suvarılması ilə bağlı üzləşdiyi problemlə də toxunub və müvafiq qurumlardan Tovuzda bu istiqamətdə daha çox işlər görməyə çağırıb.
//musavat.com