backend

Bakıda bütün avtobuslar kart sisteminə keçəcək – Müddət açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ilin sonuna qədər Bakıda sərnişindaşıma üzrə fəaliyyət göstərən bütün avtobuslar kart sisteminə keçəcək.
Bu barədə jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, hazırda bəzi sərnişin avtobusları standartlara cavab vermir: “Bunun üçün sərnişindaşımada fəaliyyət göstərən şirkətlər qarşısında şərt qoymuşuq ki, avtobuslar yenilənsin. Əgər yenilənməsə belə, həmin avtobusların xarici və daxili görkəmi dəyişməlidir. Avtobuslar yenilənəndən sonra onlarda da kart sistemi tətbiq ediləcək”.
V.Kərimli əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma üzrə utilizasiya proqramını həyata keçirəcək:
“Bu proqram, əsasən, sərnişindaşıma üzrə fəaliyyət göstərən şirkətlərin marşrutlara buraxdığı avtobusların yenilənməsi ilə bağlıdır. Bu gün Bakıda sərnişin daşıma ilə məşğul olan şirkətlərin bəzilərinin avtobusları standartlara cavab vermir. Biz həmin marşrutu da birdən- birə ləğv edib onlardan yeni avtobuslar tələb edə bilmirik. Ona görə də bu proqram çərçivəsində həmin köhnə avtobusların mərhələli şəkildə xətdən çıxarılmasını istəyirik. Sahibkarlar mərhələli olaraq avtobusları yeniləyəcək”.
O deyib ki, proqramın icrasına 2018-ci ilin ilk 3 ayı ərzində başlanacaq. Proqramın icra müddəti isə hələlik məlum deyil.
V.Kərimli bildirib ki, bu ilin sonu, 2018-ci ilin ilk 3 ayında bu prosesin başa çatması gözlənilir: “Həmin vaxtdan etibarən paytaxt daxilində bütün marşrutlar kart sisteminə keçəcək”.
Agentlik rəhbəri Bakıda qeyri-qanuni sərnişin daşıyan avtobusların olduğunu da vurğulayıb:
“Hazırda Bakıda marşrut xətlərində 2100 avtobus fəaliyyət göstərir. Onlardan 2083-nə fərqlənmə nişanı verilib. Amma fərqlənmə nişanları almayan avtobusların olması barədə də məlumatımız var. Biz bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik”.

///Trend