backend

“Halalıq istədim, dedi qiyamətdə görüşərik”- Həbsxanada din davası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cəzaçəkmə müəssisəsində dini mövzuda mübahisə zəminində dustaq yoldaşının sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Səbuhi Süleymanovun cinayət işi üzrə məhkəmə başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
Hakim bildirib ki, Səbuhi Süleymanova Cinayət Məcəlləsinin 317.2 maddəsi ilə ittiham verilib: “Əgər məhkəmə istintaqı dövründə ona verilən ittiham öz təsdiqini tapsa, Səbuhi Süleymanovu 7 ildən -12 ilə qədər cəza gözləyir”.
İttihama münasibət bildirən Səbuhi Süleymanov özünü təqsirli bilməyib.
Məhkəmə təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif edib. Səbuhi Süleymanov sərbəst ifadə verməkdən imtina edib. O bildirib ki, yalnız qiyamətdə Allah qarşısında hesabat verəcək: “Mənim burda nə gücüm, nə də həvəsim var ki, özümün günahsız olduğumu sizə sübut edim. Hadisə olan zaman mənə dedilər ki, burda cinayət əməli yoxdur, sonra da dedilər cinayət törədibsən, indi də siz nə etmək istəyirsinizsə, edin. Sizə hörmətlə yanaşıram, ürəyiniz necə istəyir onu edin. Mən isə məhkəmədə ifadə verməmək hüququmdan istifadə etmirəm”.
Səbuhi Hüseynov onu da əlavə edib ki, zərərçəkən dustaq yoldaşı Cəlal Mikayılovdan da müəssisəsinin rəhbərliyi yanında halallıq istəyib: “Özündən halallıq istədim, o isə dedi qiyamətə qalsın. Mən də razılaşdım. Biz qiyamətdə danışacağıq. Rəisin yanından çıxandan sonra məni 14 gün, Cəlalı isə 7 gün “kars”a saldılar. Dedilər cəzanız budur. Daha sonra nə oldusa, cinayət işi qaldırdılar. Sanki birinci dəfə dava eləmişəm. Orda o qədər dava edən olub, heç kimə cinayət işi açmayıblar”.
Məhkəmədə şahid qismində həmin cəzaçəkmə müəssisədə nəzarətçi çalışan, gizir Xaliq İbabətov ifadə verib. O, ifadəsində hadisəni görmədiyini deyib: “Səhər baxış keçirən zaman gördüm ki, dustaqlar Cəlalın  başına yığışıblar. Ora yaxınlaşdım. Gördüm ki, Cəlal cib dəsmalını gözünü tutub, soruşdum dedi yıxılmışam. Cəlalı oradan götürüb rəis köməkçisinin yanına apardım. Dedi ki, yıxılmışam.  Sonra dustaqların yanına gəldim. Dedilər ki, Səbuhi ilə mübahisə düşüb, o Cəlalı vurub. Səbəbini soruşdum, dedilər ki, dini mövzuda mübahisələri olub, bir-birlərini ağır ittihamlar irəli sürüblər. Səbuhi də əsəbiləşib Cəlalı vurub”.
Şahid həmçinin bildirib ki, Səbuhi digər məhkumlar arasında narazıçılıq yaradırdı: “Onun rejim qaydasını pozması digər məhkumlar arasında narazılıq yaradırdı. Digər islah olunan dustaqlara pis təsir göstərirdi. İndi bilmirəm məqsədli edib bunu, ya yox. Amma cəzaçəkmə müəssisəsində rejim qaydalarını pozmaq olmaz”.
Məhkəmədə daha sonra şahid qismində mayor Rafiq İbrahimov ifadə verib. O, ifadəsində qeyd edib ki, hadisə günü baş nəzarətçi ona Cəlal adlı dustağın gözünə xəsarət yetirilməsi ilə bağlı məlumat verib: “Cəlalı yanıma gətirdilər, soruşdum, yalnız yıxıldığını dedi. Araşdırdıq. Məlum oldu ki, Səbuhi Cəlalı vurub. Sonradan hər ikisi səmimi şəkildə etiraf etdilər. Səbəbinə gəlincə hadisə dini söhbət üstündə olduğu məlum oldu. Daha sonra müəssisə rəhbərliyi gəldi, biz hadisəni məruzə elədik. Daha sonra araşdırma başlanıldı”.
Şahid qeyd edib ki, ilk öncə onların hər ikisinə müəssisə daxilində cəza verilib: “Onların bu cür hərəkətləri digərlərin də islah olunmasına mənfi təsir göstərirdi. Bunlar cinayətkardırlar orda cəzalarını çəkib islah olunub gedib normal vətəndaşlar kimi yaşamalıdır”.
Bu zaman təqsirləndirilən şəxs şahidə replika ilə sual verib: “Cənab mayor orda birinci məni idim, dava edən? Düşmənçiliyiniz vardı məndən ona görə məni bura çıxardınız. Yüklüyün e, yüklüyün axırda bir dənə də güllə qoyub öldürərsiniz. Mən Allah talaya inanıram. Sınaqdır. Yaxşı olacaq. Allahın adını çəkirəm deyə mənə belə zülm edirsiniz”.
Daha sonra məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Cəlal Mikayılov dindirilib. O, ifadəsində Səbuhi Süleymanovla münasibətlərin əvvəllər çox yaxşı olduğunu deyib:
“Səbuhini 2015-ci ildən tanıyıram, aramaz yaxşı olub. Səbuhinin dostu olan  Neməti isə çöldən tanıyıram. Sumqayıtda görüşmüşük, mübahisəmiz vardı. Onun haqqında mənfi fikirdəydim. Hadisə günü çay dəmləməyə gedirdim. Səbuhi gəldi ki, sən mənim dostum haqqında düzgün danışmamısan. Dedim Səbuhi sənlik deyil. Nemətlə mənim çöldən problemim var. Səbuhi əl çəkmədi. Mənə dedi ki, niyə Nemətə demisən ki, sən əsl müsəlman deyilsən. Yenə dedim ki, sənlik deyil. Söhbətimiz düzgün gəlmədi. Birimizin sözü o birisinin boğazından keçmədi. Səbuhi əsəbi adamdır. Beyni çöndü. Durduğum yerdə mənə  yumruq vurdu.  Onun zərbəsi gözümün üstünə tutdu. Zərbə dəyən kimi huşumu itirdim. Yerə yıxıldım. Sonrakılardan xəbərim olmayıb. Bədənimdən heç bir göyərti və yaxud başqa bir xəsarət yoxuydu”.
Zərərçəkmiş şəxs həmçinin sərbəst ifadəsində bildirib ki, təqsirləndirilən şəxslə barışıq edib: “Rəisin otağında barışmışıq. Həmçinin hər ikimizə də cəza verildi. Küsülü deyilik. Ondan heç bir şikayətim yoxdur. Bir də bura gəlmək istəmirəm. Cəza yüngül verin. Verilən ittiham məncə çox ağırdır. Bu da mənim heç ürəyimdən deyil”.
Məhkəmə prosesi aprelin 6-da davam edəcək.
Qeyd edək ki, hadisə keçən il oktyabr 19-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində baş verib. Burada cəzaçəkən Səbuhi Süleymanov digər dustaq yoldaşı Cəlal Mikayılovu dini münaqişə zəmində mübahisə edərək, yumruqla vurub. Belə ki. Cəlal Mikayılov Səbuhi Süleymanovun dostuna “əsl müsəlman deyil” sözünü işlədib. Bundan qəzəblənən Səbuhi Süleymanov isə onu vuraraq sağlamlığına ağır zərbə vurub.
Faktla bağlı araşdırma aparılıb. S. Süleymanova Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə, onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsi ilə ittiham verilib.
///Lent.az