backend

"Dedi, Taleh deyib, ərindən boşan, səni saxlayacam" – Arvadını bıçaqlayan şəxs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda arvadını qısqanclıq zəminində öldürməyə cəhddə təqsirləndirilən Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Anar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama münasibət bildirən Anar Mustafayev özünü qismən təqsirli hesab edib. Təqsirləndirilən şəxs bildirib ki, ona ağır ittiham irəli sürülüb.
Məhkəmə A.Mustafayevə sərbəst ifadə verməyi təklif edib. O bildirib ki, hadisəni törətməsinə səbəb həyat yoldaşının xəyanəti olub.
“Tünzalə ilə 2001-ci ildə ailə qurmuşuq. Birgə nikahımızdan 3 övladımız var. Özüm uzun müddətdir, xırda ticarətlə məşğul oluram. Əvvəllər normal dolanırdıq. Sonra dolların qalxması bizə də pis təsir elədi. Gəlirim azaldı. Öz evimiz də yoxdur, kirayə yaşayırdıq. Tünzalə dedi ki, qonşunun qadınları kərpic zavodda çalışır. İcazəmi aldı, dedim, get işlə. Tünzalə hər gün məndən 1-2 saat tez işə gedirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, yoldaşına heç zaman mobil telefon istifadə etməyə icazə verməyib: “Əzəldən telefondan istifadə etməyə icazə vermirdim. Bizdə belə olub. Tünzalə son zamanlar da yaman dəyişmişdi. Bir gün səhər tezdən işə gedirdi. Mən də o çıxandan 5-10 dəqiqə sora yola düşdüm. Dayanacağın yanından keçəndə gördüm ki, telefonla danışır. Məni gördü, amma özünü görməzliyə vuraraq tez avtobusa mindi. Mən də düşündüm ki, axşam bu barədə söhbət edərəm. Telefon ona lazım olsa, mən özüm alardım. Sadəcə bu barədə onu tənbehləmişdim.  Axşam evə gəldim. Qonaqlar gəlmişdi, bacımın oğlu da bizdə idi. Otaqda oturmuşduq. Tünzalə gözümə dəymədi. Ayağa qalxıb mətbəx tərəfə getdim. Hamamın yanından keçəndə gördüm ki, səs gəlmir. Qapını açıb gördüm ki, Tünzalə telefonla danışır. Məni görəndə təntidi.  Dedim, kimlə danışırsan. Hıqqanıb qaldı. Birinci, iş yoldaşı Günayla danışdığını dedi, sonra Günayın əri ilə. Onu tutmaq istədim telefonu atıb qaçdı. Telefonun zənglərinə baxdım. Sonuncu danışdığı nömrəyə zəng elədim. Telefonun dəstəyini kişi açdı. Yoldaşımla bazarda tanış olduğunu dedi. Qonşu tərəfə Tünzaləni tapmağa getdim. Balaca qızımı də götürüb qaçmışdı”.
Anar Mustafayev deyib ki, uzun müddət evdən qaçmış arvadını və qızını axtarıb: “Gecəynən qohum əqrabalara getdim, Tünzalənin bacısıgilə baxdım, hətta rayonda yaşayan atasıgilə xəbər verdim ki, bəlkə uşağı götürüb ora gedib. Səs çıxmadı. Bir neçə gün sonra onun iş yoldaşı Elvin vardı. Mənə dedi, yoldaşım ondan 30 manat alıb ki, rayona getsin. Mən ora gedənə kimi aradan çıxmışdı. Sonradan bildim ki, Tünzalə zavodda qalırmış. Sən dəmə, rayon əvəzinə Gəncəyə gedib. Məni aldatdığı Taleh ona Gəncədə iş söz verib. Gəncədə Taleh bunların qabağına çıxmayıb. Qalıblar küçədə. Bir polis bunları saxlayıb aparıb avtovağzala. Oradan Bakıya yola salıb.  Tünzaləni tapmaq istəyirdim. Əvvəldən heç kim ailəsinin dağılmasını istəməzdi. Axtarırdım ki, bu söhbətin sonuna çıxam. 3-4 gün keçəndən sonra dedilər, Tünzalə zavoda qayıdıb. Evə gəldim. Hər ehtimalla bıçaq götürdüm. Dedim, orda adam çox olar. Özümü qoruyaram. Gəldim zavoda. Tünzaləni tapdım, bu cür hərəkətlər etməyinin səbəblərini soruşdum. Dedi, Taleh deyib, ərindən boşan, səni saxlayacam. Bu sözü mənə pis təsir elədi. Bıçağı cibimdən çıxardım. Əvvəlcə qorxutmaq istədim. Gördüm dil-dil deyir. Bıçaqla bir-iki dəfə yüngül vurdum. Yerə yıxıldı. Hamı başımıza yığışdı. Uşağı götürdüm, getdim, Müşfiq qəsəbəsində yaşayan bacımgilə. Uşağı bacımgilə qoydum, yeznəmi çağırdım ki, gedək polis şöbəsinə. O da gəldi, hadisəni ona dedim, birlikdə polisə getdik”.
Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşını öldürmək niyyəti olmayıb: “Əgər onu öldürmək niyyətim olsaydı, elə hamamda tutanda boğum öldürərdim. Qadını nə gücü var mənə müqavimət göstərə bilsin?! Sadəcə mən bıçaqla onu qorxutmaq istədim. Həm də onun dediklərini qəbul edə bilməzdim. Özünə kişi deyən heç kim bunu qəbul edə bilməz. Ona görə də bu cür hadisə baş verdi.  Şamaxıda hamı məni tanıyır. Gedib soruşsanız, görərsiniz ki, indiyə qədər kiminsə ailəsinə söz atmamışam, yersiz hərəkətim olmayıb. Mən elə nəslin nümayəndəsiyəm ki, hamı bizim əxlaqımızdan danışır”.
Prosesdə məhkəmə-psixiatrik ekspertizasının rəyi elan olunub. Həmin rəydə Anar Mustafayev konfliktə, kobudluğa meylli, qıcığa tez reaksiya verən insan kimi xarakterizə olunub. Anar Mustafayev rəylə razılaşmadığını bildirib: “Xahiş edirəm, indiyə qədər yaşadığım yerlərdə, qohumlar arasında, tanışlar arasında araşdırma aparılsın. Görsünlər ki, mən nə vaxtsa kiminsə toyuğuna daş atmışammı? Kiminləsə dalaşmışammı? Kiminləsə söz-söhbətim olubmu? Bunlar olmayıbsa, mən necə ittiham edilirəm”.
Məhkəmə prosesi şahidlərin ifadəsi ilə davam edib. Növbəti prosesi aprelin 13-də keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il Qaradağ rayonunda baş verib. Şamaxı rayon sakini Anar Mustafayev qısqanclıq zəminində, öldürmək məqsədilə həyat yoldaşı Tünzalə Mustafayevaya bıçaq zərbələri vurub. Yaralı vaxtında xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Anar Mustafayev polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 29.120( qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
//Lent.az