UNESCO: Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi dünya KİV-ləri üçün mühüm hadisədirbackend

UNESCO: Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi dünya KİV-ləri üçün mühüm hadisədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi bütün dünya KİV-ləri üçün mühüm hadisədir.
Trend-in məlumatına görə, bunu UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışı zamanı deyib.
Q.Enqida bildirib ki, bu tədbir infiormasiya agentliklərinin rəhbərləri və redaktorları üçün bir yerə yığışıb təcrübələrini bölüşmək baxımından gözəl imkandır.
UNESCO baş direktorunun müavini Bakının möhtəşəm və gözəl şəhər olduğunu vurğulayıb.
Q.Enqida bildirib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası yüzədək xəbər agentliyinin rəhbərlərini, media peşəkarlarını bir araya gətirərək dünyada milyardlarla insanın xidmətində duran agentlik rəhbərlərini, baş redaktorları, reportyorları və guşə yazarlarını buradan salamlayır. UNESCO Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə təsis edilən Dünya Xəbər Agentlikləri Konqresinin, o cümlədən UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə qurulmuş Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının yaradıcılarından biridir:
“Üç gün ərzində siz Bakıda dünya mediasının durumunu, xəbər agentliklərinin rolunu müzakirə edəcəksiniz və ifadə azadlığını təmin edən şəraitlər barədə diskussiyalar aparacaqsınız”.
O qeyd edib ki, xəbər agentlikləri informasiya mübadiləsinin və media plüralizminin aparıcı qüvvəsi olaraq qalır və bu, öz növbəsində, mədəni və intellektual müxtəlifliyi təmin edir: “Media müxtəlifliyi və plüralizm fərdi idealları zənginləşdirmək, ümumi mədəni təcrübəni müxtəlif rəylər, hekayətlər və informasiya ilə dərinləşdirmək imkanı yaradır. Bu cür vasitələrlə sərhədlər aşılaraq ölkələr arasında mədəniyyətlərarası dialoq təşviq edilir, azad mətbuat və fərqli rəylərin təmin olunmasını mümkün edən ifadə azadlığı möhkəmlənir. Biz, həmçinin bilməliyik ki, xəbər agentlikləri məlumatın əldə edilməsi və mübadiləsində əsas iştirakçı olaraq qalır. Faktiki surətdə, xəbər agentliyi olmadan məlumatı əldə etmə hüququnu təmin edən qanunvericilik informasiya azadlığı prinsipinin təmin edilməsi və həyata keçirilməsində güclü vasitə ola bilməz”.
Q.Enqida deyib ki, internet inqilabı baş verdikdən sonra keyfiyyətli jurnalistika heç vaxt görünmədiyi kimi mühüm məsələ olaraq qalır: “Medianın rolu etibarlı məlumat verərək azad düşüncəni ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən və xüsusən də böhran, münaqişə zamanı cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarətdir. Reportajların verilməsi zamanı etikanın gözlənilməsi xəbərlərin toxunduğu sosial dinamikaya bələd olaraq münaqişəli məqamların nəzərə alınmasını, eləcə də bəsit və qızışdırıcı hekayətlərin arxasınca qaçmaq istəyinin kənara qoyulmasını tələb edir. Bu, faktların və rəqəmlərin araşdırılmasını, səbəblərin bildirilməsini, antaqonizmi qızışdırmağa çalışan şəxslərin motivasiyasını, eləcə də ahəngdarlıq və birgəyaşama naminə çalışan şəxslərin işini nəzərdə tutur”.
UNESCO baş direktorunun müavini əlavə edib ki, bu cür çoxşaxəli və plüralist medianın təhlükəsiz mühitə ehtiyac duyması ilə əlaqədar hətta UNESCO-nun üzv dövlətləri bizə güclü dəstək versə də, media azadlığı və ifadə azadlığı təzyiqlər altında qalmaqdadır: “Son on illik ərzində ümumən 827 jurnalist məlumatı ictimaiyyətə çatdırdığına görə həyatından məhrum olub. Orta hesabla desək, bu, hər 5 gündə bir ölüm halı deməkdir. Ümumiyyətlə, media peşəkarları və xəbər agentliklərinin reportyorları nəinki verdikləri reportaja görə hədəfə, o cümlədən ekstremistlərin təbliğatına qarşı fəaliyyətinə görə qurbanlara çevrilirlər. Media icması üzv dövlətlərlə yanaşı, hamı üçün keçmiş və yeni media, reportyorlar və azad yazarlar, jurnalist və sosial media yaradıcıları üçün daha təhlükəsiz mühit yaratmaq məqsədilə birləşməlidirlər. Bu, jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq təhlükəsizliyi ilə bağlı baş direktorun noyabrın 17-də üzv dövlətlərə rəsmən təqdim edəcəyi hesabatın əsas mesajıdır.
Mən müzakirələrinizdə sizə uğurlar arzulayıram. Qoy, media plüralizmin və redaktor müstəqilliyinin dəstəklənməsi və gücləndirilməsi, eləcə də xəbərlərin azad axınının möhkəmləndirilməsi, jurnalistika üçün təhlükəsiz mühitin qurulması sahəsində aparılan iş müzakirələrinizin və qərarınızın mərkəzində olsun. Diqqətinizə görə çox sağ olun”.
Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına – Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT – UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.