İlham Əliyev: Azərbaycan müasir, dinamik inkişaf edən, böyük potensiala malik ölkədirbackend

İlham Əliyev: Azərbaycan müasir, dinamik inkişaf edən, böyük potensiala malik ölkədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan müasir, dinamik inkişaf edən, böyük potensiala malik ölkədir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi 5 qitənin 100-dən çox aparıcı xəbər agentliyini təmsil edən, dünyanın 80 ölkəsindən təqribən 200 qonağı Bakıya toplayıb:
“Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq. Mən əminəm ki, qonaqlarımız nəinki gündəlikdəki vacib məsələləri müzakirə edəcək, eləcə də Azərbaycan haqqında daha çox öyrənəcək, ölkənin inkişafını görəcəklər”.
Dövlət başçısı bildirib ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir, gələcək üçün böyük potensiala malikdir.
Prezident İlham Əliyev əlavə edib: “Hesab edirik ki, Azərbaycanda bu cür tədbirin keçirilməsi də ölkəmizin müstəqil kütləvi informasiya vasitələrinin inkişafı sahəsində fəaliyyətinə və uğurlarına verilən qiyməti göstərir. Bu, hökumətimizin əsas prioritetlərindən biridir”.
Azərbaycan Prezidenti deyib ki, ölkənin müstəqillik əldə etdiyi 25 il ərzində əldə olunan uğurlar Azərbaycanda kütləvi informasiya vasitələrinin azadlığının, eləcə də bütün digər əsas azadlıqların təmin edildiyini göstərir.
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet nəşr olunur, 10 milli, bir peyk, 13 regional və 17 kabel telekanalı faəliyyət göstərir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tam müstəqil internetə sahib ölkədir və əhalinin 75 faizdən çoxu internet istifadəçisidir: “Azərbaycan əhalisinin sayı 10 milyona yaxındır və onlardan 2 milyonu sosial media istifadəçisidir. Beləliklə, bu rəqəmlər göstərir ki, Azərbaycanda azad KİV-in inkişafı çox uğurlu olub, biz məqsədimizə çatmışıq və 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, demokratik inkişaf sahəsində islahatlar da aparılıb”.
Dövlət başçısı xatırladıb ki, ötən ay Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi: “Məhz bərpa. Çünki Azərbaycanda ilk demokratik respublika təqribən 100 il əvvəl – 1918-ci ildə qurulub”.
Prezident İlham Əliyev bildirib ki, müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətlərindən biri qadınlara seçib-seçilmək hüququnun verilməsi olub, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi:
“1991-ci ildə müstəqilliyimiz bərpa olundu və biz öz həyatımızı yaşamalı idik. Biz öz ölkəmizi qurmalı, siyasi institutlar yaratmalı, iqtisadiyyatımızı modernləşdirməli, dünya xəritəsində öz yerimizi tapmalı idik. Və bu il göstərdi ki, Azərbaycan xalqı əsas məqsədlərinə çatıb”.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir.
İlham Əliyev xatırladıb ki, bir neçə il əvvəl Azərbaycan ən ali beynəlxalq qurumun – BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, ölkənin namizədliyini 155 ölkə dəstəkləyib.
Prezident İlham Əliyev əlavə edib: “Beləliklə, dünya ictimaiyyətinin böyük hissəsi, hətta Azərbaycanla aktiv siyasi əlaqələri olmayan ölkələr də bizim namizədliyimizi dəstəklədi. Bu bizim fəaliyyətimizə verilən dəstək idi, beynəlxalq arenada məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi”.
Dövlət başçısının sözlərinə görə, bundan başqa, bu geniş dəstək onunla şərtlənirdi ki, Azərbaycan regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmiş müstəqil xarici siyasət yürüdən bir ölkədir: “Bizim xarici siyasətimiz milli maraqlarımıza əsaslanıb və heç kəsə qarşı yönəlməyib. Eyni zamanda Azərbaycan şərəfli, ləyaqətli ölkədir və bizim gələcəyimiz öz əlimizdədir. Beləliklə, bu amillər, şübhəsiz ki, Azərbaycanın sürətli iqtisadi və siyasi inkişafı ilə birgə daha vacib rol oynayıb”.
İlham Əliyev bildirib ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərir və bütün bu təşkilatlarda ədalət və beynəlxalq hüquq dəyərlərini irəli sürür: “Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür və hər iki təşkilatda çox yüksək dəstəyə malikdir”.
Dövlət başçısı bildirib ki, 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə dünyada ilk dəfə olaraq Bakıda Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirildi: “Bu iclas tarixi nailiyyət idi və sonra bu, “Bakı Prosesi” adını aldı. Biz bununla qürur duyuruq. Hesab edirik ki, bu sahədə bizim uğurumuz dünyada yüksək qiymətləndirilir”.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan xalqının multikulturalizm ənənələri müxtəlif dinlər və xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir: “Azərbaycan multikulturalizmə gözəl nümunədir”.
Prezident vurğulayıb ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub: “Bu bizim dövlət siyasətimizdir, eyni zamanda cəmiyyətimizin ümumi ab-havasını əks etdirir”.
İlham Əliyev deyib ki, Azərbaycan bir çox beynəlxalq tədbirlər təşkil edir. Onların arasında hər il keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və bu il keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu yer alır: “Roma Papası Fransiskin sentyabrda Azərbaycana səfəri, multikulturalizm və bizim uğurlarımız barədə bəyanatları bu sahədəki nailiyyətlərimizin mühüm göstəricisi oldu”.
Dövlət başçısı qeyd edib ki, Roma Papası Bakıya səfəri zamanı katolik kilsəsini, məscidi ziyarət edib, Azərbaycandakı bütün dini icmaların rəhbərləri ilə görüşüb və Bakıdan, elə bu zaldan bütün dünyaya mədəniyyətlərarası və dinlərarası dialoqun dəyərləri barədə müraciət edib.
Azərbaycan Prezidenti bildirib ki, bu gün dünyada dini və etnik zəmində qarşıdurmalarla müşahidə olunan hadisələr fonunda Azərbaycan multikulturalizmi əldə etdiyi nailiyyətlərdən biri kimi qəbul edir:
“Biz insanların təkcə milli və ya dini mənsubiyyətlərinə görə əziyyət çəkdiyini, bu faciələri görürük. Bu bizi çox narahat edir. Ona görə də biz öz gündəliyimizi – uğurlu multikulturalizm gündəliyini təklif edirik. Hesab edirəm ki, Azərbaycanın nümunəsi bunu sübut edir. Biz əməkdaşlıq, qarşılıqlı anlaşma proqramı təqdim edirik”.
Dövlətimizin başçısı deyib ki, bu məsələdə Azərbaycanın rolu, əlbəttə, başlıca olaraq ölkənin ənənələri və tələbatlarına əsaslanır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, ölkədə sabitlik hökm sürür və müxtəlif etnik və dini qrupların nümayəndələri burada sülh və anlaşma şəraitində yaşayırlar:
“Eyni zamanda bu, dünyaya müraciətdir. Çünki biz təcrid olunmuş ada deyilik və digərləri ilə qonşuluqda yaşayırıq. Buna görə də biz dünyada, o cümlədən regionda bu sahədə müsbət inkişaf görmək istəyirik. Bu bizim məntiqi marağımızdır”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illər boyunca qarşılaşdığı problemlərdən biri tarixi və qanuni ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır.
Azərbaycan Prezidenti deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, “Qarabağ” sözü isə Azərbaycan mənşəlidir: “Bundan başqa, təkcə sovet dövründə Azərbaycanın muxtar vilayəti olmuş Dağlıq Qarabağ deyil, ölkənin digər yeddi rayonu da Ermənistan işğalı altındadır. İşğal 20 ildən artıqdır ki, davam edir və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Xalqımız Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb və bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi erməni işğalı altındadır”.
Prezident bildirib ki, bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı düzgün qərarlar və qətnamələr qəbul edib: “O cümlədən BMT Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin bu qətnamələr icra olunmur. Ermənistan bu qətnamələrə və beynəlxalq ictimaiyyətin qərarlarına sadəcə əhəmiyyət vermir. Çox ciddi müzakirələr aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinin hazırlanması üçün tədbirlər görmək lazımdır”.
Dövlət başçısı əlavə edib ki, siyasi nöqteyi-nəzərdən qətnamələrin icra olunması üçün vahid metodlar olmalıdır: “Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə gün ərzində icra olunur, bizimlə bağlı isə 20 ildən çox vaxt keçib. Bu qəbuledilməzdir, bu, Azərbaycana münasibətdə ikili standartların təzahürüdür. Biz bu işğala son qoymalıyıq”.
İlham Əliyev qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar da hələ də kağız üzərində qalmış analoji qərar və qətnamələr qəbul ediblər: “Bizim bütün tarixi abidələrimiz, məscidlər, qəbirlər ermənilər tərəfindən dağıdılıb. ATƏT işğal olunmuş ərazilərə iki dəfə missiya göndərərək bu faktları üzə çıxarıb. ATƏT-in hesabatları da bunu təsdiq edir. Lakin Bakıda dövlət mühafizəsi altında olan və bərpa olunmuş erməni kilsəsini ziyarət etmək olar. İşğal olunmuş Dağlıq Qarabağda və digər rayonlarda isə bizim bütün məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb”.
Dövlətimizin başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır və bu nizamlanma Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına əsaslanmalıdır: “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi böyük dəyərə malikdir. Biz həmişə eşidirik ki, postsovet məkanındakı münaqişələr ölkələrin ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu həm də Azərbaycana qarşı tətbiq olunmalıdır”.
İlham Əliyev qeyd edib ki, bu nəhəng siyasi və iqtisadi yükə baxmayaraq, Azərbaycan inkişaf edir: “Biz öz inkişafımıza çox bağlıyıq. Biz daha güclü dövlət qurmalı, sosial sahədə bütün vədlərimizi reallaşdırmalı, iqtisadiyyatımızı şaxələndirməli və güclü olmalıyıq”.
Azərbaycan Prezidenti təəssüflə bildirib ki, müasir dünyaya beynəlxalq hüquq dəfələrlə pozulur və təcavüzkarı təcavüzü dayandırmağa məcbur edən heç bir siyasi mexanizm mövcud deyil.
Dövlət başçısı deyib ki, Azərbaycan daha çox iqtisadi inkişafa yönəlib və bu sahədə əldə olunan nailiyyətlər çox təsirlidir.
Prezident İlham Əliyevin sözlərinə görə, bu gün Azərbaycan güclü şaxələndirilmiş iqtisadiyyatı və çox yüksək səviyyəli sosial müdafiəsi ilə müasir, inkişaf edən, özünü təmin edən bir ölkədir: “Bizim bütün iqtisadi proqramlarımız icra olunub, bəziləri isə hətta vaxtından əvvəl həyata keçib. Azərbaycan iqtisadiyyatı son 13 il ərzində 3 dəfədən çox artıb. Biz yoxsulluğun öhdəsindən gələ bilmişik. İndi yoxsulluq 5 faiz səviyyəsindədir. İşsizlik də, demək olar, bu səviyyədədir”.
Dövlət başçısı qeyd edib ki, etibarlı beynəlxalq təşkilatlar Azərbaycana yüksək reytinqlər təqdim edir: “Məsələn, Dünya İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşıb. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətlidir, şaxələndirilib, yalnız energetika sektoruna əsaslanmır. Beləliklə, gələcəkdə iqtisadiyyatın şaxələndirilməsi, aparılacaq iqtisadi islahatlar ölkəmizin dayanıqlı inkişafı üçün daha böyük imkanlar yaradacaq. Və mən əminəm ki, Azərbaycan yaxın illərdə daha da güclənəcək”.
Prezident bildirib ki, Azərbaycan ümumi qarşılıqlı maraqlara əsaslanan geniş regional əməkdaşlığın yaranması üçün səylər göstərir: “Xüsusilə energetika və nəqliyyat sahələrində artıq öz nəticələrini vermiş təşəbbüslərimizi göstərmək olar. Azərbaycan tərəfindən 1990-cı illərin ortalarında başladılan enerji layihələri artıq regionumuza böyük tərəqqi, firavan həyat gətirib”.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan Xəzər, Qara və Aralıq dənizləri arasında şaxələndirilmiş boru kəməri sistemi vasitəsilə Xəzər dənizinin nəhəng enerji resurslarını beynəlxalq bazarlarla birləşdirən ilk ölkə olub: “Bu, Azərbaycanın əsas nailiyyətlərindən biridir”.
Dövlət başçısı əlavə edib ki, bu gün “Cənub Qaz Dəhlizi” adlı qlobal enerji layihəsi üzərində iş gedir: “Bu bizi bir çox ölkələr üçün etibarlı təbii qaz ixracatçısına çevirəcək. Bu layihənin dəyəri 45 milyard dollara yaxındır və Azərbaycan bu layihənin həyata keçirilməsində aparıcı rol oynayır. Bu gün Azərbaycan layihənin 7 üzv ölkəsi ilə sıx əməkdaşlıq qurub və yaxın illərdə bu layihəyə daha çox ölkənin qoşulacağı gözlənilir. Bu bizə iri qaz ixracatçısı olmaq niyyətimizi reallaşdırmağa imkan verəcək. Bu, tranzit ölkələrə və alıcılara bütün ölkələrin öz iqtisadiyyatını və sənayəsini inkişaf etdirmək üçün ehtiyac duyduğu əlavə enerji mənbələrinə sahib olmaq imkanı verəcək”.
Prezident qeyd edib ki, Azərbaycanın enerji siyasəti ölkənin milli maraqlarına və əməkdaşlığa əsaslanıb: “Bu sahədə Azərbaycan, əvvəl qeyd etdiyim kimi, milli maraqlara əsaslanan məsuliyyətli yanaşma nümayiş etdirir. Layihənin bütün iştirakçıları öz mənfəət payına malik olmalıdır. Biz enerji sahəsindəki əməkdaşlığa ölkələri bir-birindən ayırmayan, əksinə, birləşdirən bir sahə kimi baxırıq”.
İlham Əliyev deyib ki, Azərbaycanın bu sahədəki nailiyyətlərini, eləcə də etibarlı nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı təşəbbüslərini artıq öyrənməyə dəyər.
Dövlət başçısı bildirib ki, Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir, lakin infrastruktur olmadan bu mövqenin əhəmiyyəti böyük olmazdı: “Beləliklə, bizim səylərimiz nəqliyyat sahəsində regional əməkdaşlığın qurulmasına yönəlib, xüsusilə “Şərq-Qərb” dəhlizi praktiki olaraq yekunlaşıb. Artıq bu istiqamətdə müəyyən sınaq işləri də aparılıb, o cümlədən Azərbaycan ərazisi vasitəsilə Asiyadan Avropaya yük qatarları gedib”.
İlham Əliyev deyib ki, hazırda “Şimal-Cənub”dəhlizi layihəsi həyata keçirilir və Azərbaycan bu dəhlizin reallaşdırılması üzrə çox mühüm tədbirlər görüb: “Xəritəyə baxsaq, bu iki layihənin böyük əlavə fəaliyyəti generasiya etdiyini görmək olar. Bu, artımı, sənayenin inkişafını stimullaşdıracaq, şirkətlərə və ölkələrə öz məhsullarını ixrac etmək və vaxta qənaət etmək imkanı verəcək”.
Azərbaycan Prezidenti qeyd edib ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri yüklərini göndərən şirkətlərə vaxta ən azı iki həftə qənaət etməyə imkan verəcək.
İlham Əliyev vurğulayıb ki, belə layihələrin investisiyalara ehtiyacı var: “Və biz investisiyalar yatırırıq, həmçinin bu layihənin reallaşdırılması məqsədilə digər tərəfdaşlara maliyyə yardımı göstəririk. Bu, regional əməkdaşlığa, eləcə də iqtisadi səmərə və təhlükəsizliyə istiqamətlənib. Çünki regionda təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz”.
Dövlətimizin başçısı bildirib ki, təhlükəsizliklə bağlı problemlər artır: “Belə ki, ətrafımızda baş verən hadisələr daha da gərgin vəziyyət yaradır. Yeni təhdidlər, qırğınlar, qarşıdurmalar, müharibələr yaranır və bu, böyük narahatlıq doğurur”.
Prezident əlavə edib: “Bizim siyasətimiz həmişə risklərin azaldılmasına yönəlib və hesab edirəm ki, Azərbaycanda malik olduqlarımız bunun təkcə bizim üçün deyil, bütün region üçün düzgün siyasət olduğunu göstərir”.
Azərbaycan Prezidentinin sözlərinə görə, müstəqilliyin 25 ilindən danışarkən, sosial müdafiə və sosial infrastrukturun yaradılması sahələrində görülən işləri də xatırlatmaq lazımdır: “Sosial sahədə əsas layihələrdən biri qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi olub. Onlardan 250 min nəfər yeni mənzillərlə təmin olunub. Bundan başqa, biz təhsil infrastrukturuna investisiyalar qoymuşuq. Azərbaycanda üç mindən çox məktəb tikilib. Biz Azərbaycanın yüz faizlik savadlılığa malik ölkə olmasından qürur duya bilərik”.
İlham Əliyev qeyd edib ki, bu, Azərbaycana inkişaf etməyə imkan verəcək, çünki müasir dünyada inkişaf təbii resursların istifadəsinə deyil, bilik, texnologiya və təhsilə əsaslanır: “Biz təbii resursları və sərvətləri insan kapitalına çevirməyə çalışırıq və hesab edirəm ki, biz buna nail olacağıq. Təhsil hər zaman bizim əsas prioritetlərimizdən biri olub, biridir və olacaq”.
Dövlət başçısı qonaqları, həmçinin Azərbaycanın təşkil etdiyi, dostluq və tərəfdaşlığa yönəlmiş beynəlxalq tədbirlər barədə məlumatlandırıb: “Azərbaycan bir çox vacib beynəlxalq tədbirləri qəbul edib. Onların arasında idman çərçivəsindən kənara çıxan iki idman tədbirini qeyd etmək istərdim. İlk belə hadisə ötən il Bakıda keçirilmiş Birinci Avropa Oyunları olub. Bu Oyunlar iki nöqteyi-nəzərdən rəmzi xarakter daşıyır. Birincisi, digər qitə yarışlarından fərqli olaraq, Avropa Oyunları əvvəllər heç vaxt keçirilməmişdi. İkincisi isə Avropa Oyunları müsəlman ölkəsində keçirildi. Bu, qarşlıqlı anlaşmanın çox vacib göstəricisi idi. Və mən Azərbaycanın İlk Avropa Oyunlarının ev sahibi qismində seçilməsinə görə avropalı tərəfdaşlarımıza minnətdarlığımı bildirirəm. Bu Oyunlar Yay Olimpiya Oyunları səviyyəsində təşkil edildi. Bu, əsl birlik və dostluq bayramı idi”.
Prezident bildirib ki, gələn il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək: “Bir şəhərdə iki il ərzində həm Avropa Oyunları, həm də İslam Oyunları təşkil olunur. Bu yenə də məni əvvəl qeyd etdiyim mövzulara qaytarır. Ünsiyyət, əməkdaşlıq, multikulturalizm, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət – biz bunları irəli sürməyə çalışırıq”.
Azərbaycan Prezidenti deyib ki, bu sahədə kütləvi informasiya vasitələrinin güclü dəstəyi olmadan müvəffəqiyyət qazanmaq olmaz: “Əlbəttə, mən kütləvi informasiya vasitələrinin nə etməli olduqları barədə danışmaq niyyətində deyiləm. Bunu siz daha yaxşı bilirsiniz, bu mənim fəaliyyət sahəmə aid deyil. Amma bir dövlət başçısı və siyasətçi kimi əminəm ki, KİV-in beynəlxalq tədbirlərdəki rolu ciddi və ətraflı təhlil olunmalıdır”.
Dövlət başçısı qeyd edib ki, kütləvi informasiya vasitələrinin rolu artdığı üçün onların məsuliyyəti də artır: “Çox vaxt biz şahidi olmuşuq ki, baş verən və işıqlandırılan bəzi hadisələr böyük gərginlik, qırğın və qarşıdurma yaradır. Ona görə də mən düşünürəm ki, kütləvi informasiya vasitələrinin, xəbər agentliklərinin və digər KİV-lərin əməkdaşlıq dəyərlərinin təbliğində dəstəyi vacibdir”.
Prezidentin sözlərinə görə, bu, siyasətçilərə universal dəyərlər naminə çıxış etmək üçün böyük şanslar və hər kəsə bu dilin inkişafında daha davamlı və fəal olmağa böyük imkanlar verəcək:
“Əlbəttə, hər hansı ölkənin prezidenti etibarlı informasiya mənbələrinə malikdir, lakin bəzən müxtəlif beynəlxalq kütləvi informasiya vasitələrinə baxarkən mən bu və ya digər hadisənin, kimin bu məlumatı verməsindən asılı olaraq, tamamilə fərqli formada şərh olunduğunu aşkar edirəm. Nəticədə biz bu və ya digər hadisənin – istər Yaxın Şərq olsun, istər müharibə olsun, istərsə də Avropa və ya postsovet məkanı olsun – bir çox hallarda siyasi baxımdan əsaslandırılaraq işıqlandırıldığını görürük. Bu və ya digər hadisə tamamilə fərqli şərh edilir. Və əlbəttə ki, biz burada siyasi əsaslar, həmçinin, ehtimal ki, nəyin olacağı və təqdim olunacağı gündəliyin işlənməsinə siyasi dairələrin müəyyən dərəcədə müdaxiləsini də görə bilərik”.
Dövlət başçısı qeyd edib ki, bu mühüm məsələlərə bugünkü görüş və konqresdə də baxılacaq: “Biz hamımız azad KİV-in tərəfindəyik, etibarlı informasiyaya malik olmalıyıq. Xüsusilə də yalnız bir rəsmi siyasət və ideologiyanın olduğu Sovet İttifaqında 70 il yaşayan Azərbaycan kimi ölkələr. Biz həmin dövrdə istənilən informasiyanı əldə edə bilmirdik”.
Azərbaycan Prezidenti bildirib ki, digər ölkələr və insanların əslində nə baş verdiyini bilmək haqqı var: “Mən əminəm ki, siz bu məsələni də müzakirə edəcəksiniz və Bakı konqresi sizin fəaliyyətinizdə mühüm addım olacaq. Mən sizi bir daha ölkəmizdə salamlamaq istərdim. Mən çox şadam və qürur duyuram ki, biz belə mühüm qlobal tədbiri təşkil edirik. Konqresə uğurlar arzulayıram”.