backend

Bərdədə özbaşınalıq: DYP sahibkarların işləməsinə imkan vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bərdə rayon DYP-nin və rayon polis şöbəsinin əməkdaşları sahibkarları işləməyə qoymur.
Bu barədə “Qaynarinfo”ya kiçik sahibkarlıqla məşğul olan Elnur Əliyev məlumat verib.
O, taxta daşınması və emalı ilə məşğul olduğunu, sürücüsünün avtomobilinin bir müddət öncə dayandırılaraq yüklə birgə bir həftə cərimə məntəqəsində saxlandığını və çıxarıldıqdan sonra yenidən oraya aparıldığını bildirib. Bu səbəbdən işlərinin tamam dayandığını və sürücü ilə aralarında mübahisə yarandığını deyib.
Elnur Əliyev kimi Bərdədə bu problemlə qarşılaşan bir neçə sahibkar da var.
Bu barədə saytımıza danışan Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri İlqar Əliyev rəsmi qurumların mövcud problemlə yaxından maraqlanmalı olduğunu bildirib:
“İqtisadi böhran vəziyyəti başlayandan təkcə DYP deyil, eyni zamanda rayon polis şöbəsinin əməkdaşları bir neçə sahibkarı incidir və onların işləməsi üçün müəyyən şərtlər qoyurlar. Şərtləri isə aylıq 400 manat almaqdır. Onlar da bu məsələdən təngə gələrək bizim vasitəmizlə prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Sözügedən qurumların əməkdaşları həmin sahibkarlara məxsus tikinti avadanlıqlarının daşınması ilə məşğul olan şəxslərin avtomobillərini dayandıraraq cərimə meydançalarına aparıb, orada həftələrlə saxlayırlar. Xüsusilə də Bərdə rayon DYP-nin baş inspektoru Məmmədov Anar Akif oğlu bu işlə məşğuldur, tamamilə hərc-mərclik edir, kimə arxalanır bilinmir”.
Respublika Baş DYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev baş verənlər barədə məlumatsız olduğunu və bununla bağlı Bərdə rayon DYP-yə müraciət etməyimizi bildirdi. Bərdə rayon DYP ilə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verən olmadı.