backend

ŞABANIN SÖZLƏRİNİ DUBLYAJ ETMƏK GÜLÜNCDÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanuna görə, filmləri subtitrlə-altyazı ilə də vermək olar
Hələ türk filmlərinin Azərbaycan dilinə tərcüməsinə başlanıldığı zamanlarda Nizami Cəfərovla birlikdə bu prosesə etiraz etdik
Jurnalist Xəqani Səfəroğlu Azərbaycan televiziyasında məşhur türk aktyoru Kamal Sunalın çəkildiyi filmlərin səsli tərcüməsinə öz etirazını bildirib. Şəxsi feysbuk səhifəsində ARB TV-nin rəhbərlərinə müraciət edən həmkarımız qeyd edib ki, Şaban obrazı və danışığı həmin filmlərin vizit kartıdı. O səs olmasa, həmin filmlər dönüb olur Hollivud filmlərinin tərcüməsi:
“Azərbaycanda peşəkar dublyaj mövcud olmadığına görə türk filmlərində səsli ifadan qaçmaq olar. Qanuna görə, filmləri subtitrlə-altyazı ilə də vermək olar. Yoxsa ki, bərbad dublyaj olunmuş Şabana baxanda adamı gülmək yox, ağlamaq tutur. Elə bil tragik əsərə baxırsan”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya üzrə elmlər doktoru Qulu Məhərrəmli də “Şərq”ə açıqlamasında sözügedən filmlərin səsli tərcüməsinə ehtiyac olmadığını deyib:
“Xatırlayırsınızsa, “Xəzər” televiziyası dublyajla bağlı bir yaradıcılıq eksperimenti eləmişdi. Hər kəsin dedikləri azəri türkcəsində səsləndirilsə də, baş rolun ifaçısı – Kamal Sunal türkcə danışırdı. Ancaq bu da cəmiyyətdə birmənalı qarşılanmadı. Əslində mən də belə eksperimentlərin tərəfdarı deyiləm. Şaban yaddaşlarda fərqli qalıb. Bu, bir ərəb, ingilis olsa, onun danışıq tərzini bir o qədər duymadığımızdan, tərcümə edərdik. Biz Şabanı duyduğumuzdan “Xəzər” TV bu eksperimenti etdi, amma müsbət haldır ki, tərzə çevrilmədi”.
Kamal Sunalın səsi və onun yaratdığı Şaban obrazının bizə çox doğma olduğunu vurğulayan Qulu müəllim deyib ki, onun danışığı, sözləri 7-dən 77-yə bütün izləyicilərinin qəlbinə hopub, hamı onu çox rahat şəkildə başa düşür. Bu baxımdan da onun filmlərini səsli tərcümə etmək keyfiyyət baxımından ürəkaçan olmur.
Hələ türk filmlərinin Azərbaycan dilinə tərcüməsinə başlanıldığı zamanlarda Nizami Cəfərovla birlikdə bu prosesə etiraz etdiklərini vurğulayan professor hesab edir ki, Türkiyə türkcəsi ilə Azərbaycan dili eyni dil qrupuna aid olduğu üçün biz onların dediklərini asanlıqla qavraya bilirik. Həm də ki, filmlərin subtitrlə verilməsi qanuna zidd olmadığı üçün obrazların öz səsləri ilə verilməsi daha məqsədəuyğundur.
Azərbaycan televiziyalarında istisna olaraq türk filmlərinin olduğu kimi səsləndirilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması kimi təkliflərə gəldikdə isə Q.Məhərrəmli deyib ki, qanun konkret olduğu üçün bu cür ayrıcalıqlar olmur.
//sherg.az