backend

Arvadının təhsil haqqını ödəmək üçün cinayət törətdi – Məhkəmə qararı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həyat yoldaşının təhsil haqqını ödəmək üçün soyğunçuluqda təqsirləndirilən Azər Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Təhməzov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Təhməzov özgənin əmlakını talamaq məqsədilə ötən ilin dekabr ayında Firəngiz Hüseynovaya, Sevda İsmayılovaya, Gülnaz İsayevaya və Esmiralda Həsənovaya qarşı soyğunçuluq edib. Təqsirləndirilən A.Təhməzov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində maddi vəziyyətinin pis olduğunu, həyat yoldaşı Aytac Musayevanın oxuduğu Sumqayıt Dövlət Universitetinin illik təhsil haqqını ödəyə bilmədiyini, pulu ödəmək üçün cinayətə əl atdığını deyib. O bildirib ki, cinayətə onun həyat yoldaşı və qayınanası vadar edib. Şahid qismində dindirilən A.Musayeva ifadəsində Sumqayıt Dövlət Universitetində təhsil aldığını, təqsirləndirilən A.Təhməzovla 2015-ci ildə tanış olduğunu göstərib:
“Azər mikroavtobuslarda pul yığan işləyirdi. Ötən ilin yanvar ayında toyumuz oldu. Toydan sonra müxtəlif ünvanlarda kirayə yaşadıq. Dolanışığımız zəif olduğuna görə daim valideynlərim köməklik edirdilər. Azərin mənim və valideynlərim barədə Bakı İstintaq Təcridxanasında yazdığı ərizə ilə tanış olduq. Orada yazılanlar hamısı yalandır. Nə mən, nə də valideynlərim Azəri cinayət törətməyə vadar etməmişik. Ona pulu ödəmədiyi təqdirdə atamın bizi ayıracağını deməmişik”. Təhməzov məhkəmədə istintaqda verdiyi ifadəni təsdiqləyib.
///lent.az