backend

Azərbaycan əsgərinin anasına məktubu hər kəsi duyğulandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Editor.az “Azərbaycan Ordusu” qəzetinə istinadən Azərbaycan əsgərinin ailəsinə məktubunu təqdim edir:
“Salam ana, necəsən? Atam necədir? Bilirəm, bu sətirləri oxuduqca gözlərin dolacaq. Bəlkə də kənara çəkilib səssizcə oxuyacaqsan. Həyətimizdəki üzüm çardağının altında oturub oxuyacaqsan, məncə. Bilirəm ki, oranı çox sevirsən. Həmişə evə qonaq gələndə o çardağda samovar çayı içərdik. Məndən ötrü narahat olma, əziz anam, mən yaxşıyam. Sənin ürəyin rahat olsun deyə yalandan demirəm. Həqiqətən, burada hər şey yaxşıdır. Yeməyim, geyimim, yataq yerim – hamısı qaydasındadır. Sağ olsun komandirlərimiz, valideyn kimi qayğımıza qalırlar. Düzdür, bura döyüş postudur, şəhərin mərkəzindən kilometrlərlə uzaqda düşmənlə təmas xəttindəyik, amma hər cür şəraitlə təmin olunmuşuq. Dadlı yeməklərlə qidalanır, rahat şəraitdə xidmət edirik. Bir sözlə, yüksək məişət şəraiti ilə təmin olunmuşuq. Üzərimizə bircə vəzifə düşür, Ana Vətəni göz bəbəyi kimi qorumaq. Torpaqlarımıza göz dikən mənfur qonşular tez-tez atəşkəsi pozurlar. Lakin onları dərhal cavab atəşi ilə susdururuq. Biz düşməndən qat-qat güclüyük, ana. Həm silah və texnikamız  güclüdür, həm də vətənpərvərliyimiz.
Məni əsgərliyə yola saldığın günü xatırlayırsan, ana? Sanki bir toy-bayram havası var idi həyətimizdə. Qohum-qonşu, dostlarım – hər kəs ətrafıma toplaşmışdı. Ora toplaşanların “Allah Azərbaycan əsgərini qorusun” duaları səmaya ucalırdı. Hələ sənin gözlərin dolmuşdu sevincindən. Lakin o göz yaşlarında qorxu hiss etmədim. Çünki həmin gün oğlunu şanlı Azərbaycan Ordusuna əmanət edirdin. Sənin əllərindən, üzündən öpüb, səni çox sevdiyimi deyərək halallıq istədim. Vətənimizi qarşılıqsız sevməyi, onun üçün canımı fəda etməyə hazır olmağı sən öyrətmisən mənə. “Oğlum, mən səni bu Vətən üçün böyütmüşəm” söyləyərək, məni əsgəri xidmətə yola saldın. Deyirdin ki, Vətən borcu, namus borcudur. “Xidmətində möhkəm ol. Əsla qorxma. Döyüşə atılmaqdan, Vətən üçün şəhid olmaqdan qorxma”, – dedin.
Qürurla başını uca tuta bilərsən, ana. Oğlun döyüş postunda düşmən qarşısında dayanıb. Vətənimə layiqli əsgər olmaq üçün əlimdən gələni edirəm. Bilirəm, ana, indi də üzünü Allaha tutub bizə dua edirsən. Yanağına süzülən göz yaşlarını əlinin tərsi ilə silib, məktubu oxumağa davam edirsən. Narahat olma, ana, bizlər əmin əllərdəyik. Ana Vətənimizi qoruyuruq. Mənim üçün darıxanda göy üzünə bax, ucsuz-bucaqsız səmanı fikirləş, bərəkətli torpaqlarımızı, gurhagur axan çaylarımızı, dağlarımızı, meşələrimizi, düzənliklərimizi fikirləş. Körpəsinə layla deyən anaları, sürüsünü otlağa aparan çobanları, zəhmətə bağlı insanları düşün. Biz onlar üçün buradayıq. Sənin üçün, bacılar, qardaşlar, atalar üçün. Dünyaya gələcək yeni körpələr üçün, xalq üçün, torpaq üçün, azadlığımız üçün, Vətən üçün buradayıq.
Ana, Əli əmim necədir? Salam söylə. Allah mənə də qismət eləsin onun kimi Qarabağ uğrunda döyüşməyi. Ata-baba torpaqlarımızı işğaldan azad edib, xalqımıza böyük qələbənin sevincini yaşatmaq üçün, hər an döyüş əmri gözləyirik. Dost-tanışa çoxlu salam söylə. Özünə yaxşı bax, ana. Allaha əmanət olun”.
Əsgər Ruslan MEHTİLİ, “N” hərbi hissəsi