“Tehran görüşündə İlham Əliyev tək Azərbaycanı təmsil etməyəcək” – ELNUR SOLTANOV

01:54 | 19 İyun, 2017

Yaxın zamanlarda Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi haqqında məlumatlar artıq mətbuatda yayılıb.
Ölkə rəhbərinin Putinlə ilk olaraq Qazaxıstanda “EXPO-2017” tədbirində görüşəcəyi ehtimal edilir. Bundan sonra Tehranda Ruhani-Əliyev-Putin üçtərəfli zirvə görüşünün reallaşacağı gözlənilir. Elə Tehran səfəri çərçivəsində də ölkə prezidentinin Kreml rəhbəri ilə görüşü istisna edilmir.
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanmasından sonra İlham Əliyevin Vladimir Putinlə görüşməsi maraq doğurur. Təkbətək görüşdə konqresin fəaliyyətinin yenidən bərpası ilə bağlı müzakirələrin aparılıb-aparılmaması da beyinlərdə sual yaradan nüanslardandır. Bundan başqa, Tehran görüşündə regionda baş verən hadisələrin, İran və Rusiya rəhbərləri ilə prezident İlham Əliyevin müzakirə aparması Azərbaycan üçün nə deməkdir?
Bütün bunlara politoloq Elnur Soltanov hafta.az-a müsahibəsində aydınlıq gətirməyə çalışıb. Politoloqun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin qarşıdakı görüşləri maraqlı konteksdə baş verir.
– Elnur bəy, prezidentlərin qarşıdakı görüşlərdə ÜAK-ın fəaliyyətinin bərpası müzakirə oluna bilərmi? Putinlə təkbətək görüşdə Əliyevin belə bir məsələni gündəmə gətirməsi ehtimalı varmı?
– Doğrusu, ÜAK haqqında ictimai məlumat çox azdır. Konqres haqqında Azərbaycan hökumətinin və Rusiya mərkəzi hökumətinin mövqeyini müəyyənləşdirmək bir az çətindir. Məsələ burasındadır ki, rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin yenidən bərpasını prezident səviyyəsində xahişə çevirəcək qədər əhəmiyyətli sayırmı? Bunu bilmirik. Çox güman ki, nəticələri daha sonra bəlli olacaq. Əgər bu Bakı üçün həqiqətən də əhəmiyyətli bir mövzudursa, bunun da qarşılığında bir şey istəniləcək. Bu sırf texniki bir məsələ də ola bilər. Yəni, prezidentlər səviyyəsində yox, daha alt səviyyələrdə bu məsələnin müzakirəsi mümkündür. Təkrar olmasın, bu cür görüşlərdə bir sıra detallar əvvəlcədən razılaşdırılır. Bu cür məsələlər həll edilərkən prezidentlərin görüşü də formal bir “çərçivə geyindirmə” məqsədi daşıyır. Yenə də nəticələri gözləmək lazımdır, indidən nəsə söyləmək çox çətindir. Onu da qeyd edim ki, ÜAK-ın bağlanması Azərbaycan üçün həyati bir məsələ deyil. Konqresin bağlanması ilə Azərbaycan xalqının, dövlətinin fəaliyyətlərinin çox ciddi şəkildə zədə alacağını fikirləşmək də tam mənada yerində olmayan ifadədir. Dövlət orqanlarının daha fərqli səviyyələrində narahatlıq doğura bilər. Amma bunu yuxarı pilləyə aid etmək olmaz. ÜAK-ın Azərbaycan və Rusiya üçün strateji bir məsələ olub-olmaması da bəlli deyil.
– ÜAK-ın bağlanmasına rəsmi Bakı Kremlə gələcəkdə nə ilə cavab verə bilər?
– Unutmayaq ki, bu kimi məsələlərdə qarşı tərəf əgər sizə xoş olmayan addım atırsa, sizə görə xoş təsir bağışlamadığı kimi, eyni zamanda gələcəkdə onlara qarşı addım atmaq üçün kredit vermiş olur. Bu diplomatiyanın birmənalı qəbul olunmuş qaydalarındandır. Belə müxtəlif aspektlər olduğuna və ÜAK-ın fəaliyyətinin dayandırılması həyati bir məsələ olmadığına görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşünün buna sərf olunmayacağını düşünürəm.
– Hazırda Yaxın Şərqdə ABŞ-la Rusiya arasındakı gərginlik şkalasının ən pik həddinə doğru qalxmaqdadır. İranın da bölgədə müəyyən maraqları var. Belə olan halda prezidentlərin Tehran görüşündə müzakirə olunacaq əsas məsələlər nə ola bilər?
– Əsas məsələ odur ki, Rusiya yenə də qlobal liderlik mövzusunda çox ciddi bir mövqedədir. Amerikada olan hadisələr Rusiyanı “içinə çəkməyə” başlayır. Bütün bunların nə ilə nəticələnəcəyini də hamı həyəcanla gözləyir. Vaşinqton və Moskva arasındakı gərginliyin qarşıdurma ilə nəticələnib-nəticələnməyəcəyi böyük maraq doğurur. Digər tərəfdən, Rusiyanın son illərdə özünün müəyyən ölçüdə gücü və qabiliyyəti üzərində olan göstəricilərinin davam edəcəyi diqqət mərkəzindədir. Bu gözləmə mövqeyində görüşlər keçirmək və informasiya almaq çox ciddi əhəmiyyət daşıyır. Bu cür görüşlərdə müəyyən kritik qərar vermək üçün kifayət qədər məlumat yoxdur. Tərəf seçmək mövzusuna gələndə Azərbaycan yön seçmir. Bizim tərəfimiz öz dövlət maraqlarımızdır. Daima öz maraqlarımızı qorumaq üçün addımlar atmışıq. Yenə də bütün dünyada müəyyən gözləmə mövqeyi var. Çünki ABŞ-da da hazırda anti-Rusiya araşdırmaları davam edir. Bu araşdırmaların nəticəsi, Birləşmiş Ştatların tutacağı mövqe qlobal qarşıdurmada yeni bir konteks yarada bilər. Həmin yeni konteksin əsas çalarları ortaya çıxmadan çox kritik nüanslar gözlənilmir. Belə bir zamanda ölkə başçısının rusiyalı həmkarı ilə Tehranda görüşməsi çox əhəmiyyətlidir. Xüsusilə də ikitərəfli görüşləri nəzərdə tuturam. Çünki Azərbaycan Rusiya və İranla sərhəddi olan yeganə dövlətdir ki, hər iki böyük güclə sərhəddi var. Suriyada və Yaxın Şərqdə olan hadisələr işığında, Tramp Amerikası ilə Ruhani arasında həddən artıq kəskinləşən münasibətlər və Qətərdə baş verən hadisələr fonunda dövlət başçısı İlham Əliyevin hər iki ölkə prezidenti ilə təkbətək görüşü çox əhəmiyyətlidir. Çünki dünyada bütün diqqətləri öz üzərinə cəmləyəcək beş dövlət varsa, onlardan ikisi İran və Rusiyadır. Hər iki ölkənin ərazisi təxminən dünyanın yarısına bərabərdir. Ruhani və Putinlə görüş və fikir alış-verişi bu baxımdan çox əhəmiyyətlidir. Həm də dövlətin xarici siyasətinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Ona görə də konkret mövzuların burada diskussiya mövzusu olacağını zənn etmirəm.
– Belə çıxır ki, Tehran görüşündə yalnız Şimal-Cənub nəqliyyat dəhlizinin müzakirəsi dəqiqdir…
– Bəli, yeganə müzakirə mövzusu kimi Şimal-Cənub nəqliyyat xəttinin olacağıdır. Çünki rəsmi Bakı son zamanlar bu məsələyə çox əhəmiyyət verir. Çox güman ki, bu layihənin gerçəkləşmə istəyindən irəli gələrək prezidentimizin üçtərəfli görüşlərdə ortaya atacağını gözlədiyimiz mövzulardan biridir. Digər məsələlər isə daha çox məşvərət xarakteri daşıyacaq. Belə bir çətin geosiyasi hadisələr fonunda ölkə başçısının şimal və cənub qonşumuzun rəhbərləri ilə görüşü Türkiyə faktoruna görə də xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, bizim Ankara ilə xüsusi münasibətlərimiz var. Son dövrlər İran və Türkiyə arasındakı qəribə yaxınlaşma, Moskva və Ankaranın Yaxın Şərqdəki mövqeyi bizim öz siyasi kursumuzu müəyyənləşdirmək baxımından önəmlidir. Ona görə ki, Türkiyənin sərhəddində çox-çox ciddi hadisələr baş verir. Bu hadisələrdə Rusiya və İranın sərgilədiyi mövqeni müəyyənləşdirmək də xüsusi əhəmiyyətə malik nüanslardır. Bu həm də o deməkdir ki, Tehran görüşündə İlham Əliyev təkcə Azərbaycanı təmsil etməyəcək. Türkiyənin timsalında başqa bir ölkənin də fəxri təmsilçisi baxımından çıxış edəcək.
//hafta.az