6 tələbənin ölümü ilə bağlı məhkəmə başladı – Vəkil dustağı tanımadı

16:08 | 20 İyun, 2017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib.
Ötən iclasda N.Həsənovun vəkili olmadığı üçün proses təxirə salınmışdı. Bugünkü iclasda N.Həsənovun müdafiəsinə vəkil Şirin Atayev qoşulub. O, dövlət tərəfindən təyin edilib.
Mərhum tələbələrin valideynləri vəkilə etiraz edib və N.Hüseynovu nəzərdə tutaraq elə bir şəxsi müdafiə etməməsini istəyiblər.
Ş.Atayev valideynlərdən hadisə haqda soruşub və təqsirləndirilən şəxsi tanımadığı bəlli olub: “Bu hansı qəzadır? Sumqayıt yolunda olan? Televizorda göstərmişdilər, bu həmin adamdır?”.
Valideynlər bunu təsdiqləyəndən sonra hakim bildirib ki, vəkilə etiraz qanunun tələblərinə uyğun olmalıdır.
Bundan sonra valideynlərdən biri çıxış edərək vəfat edən 6 tələbənin dəfn və yas xərclərinə görə N.Həsənova qarşı mülki iddia qaldırmaq istədiklərini deyiblər.
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses iyunun 29-da davam etdiriləcək.
İclas başa çatdıqdan sonra valideynlər sürücü N.Həsənovu təhdid ediblər: “Əgər 3 uşağının yaşamağını istəyirsənsə, uşaqlarım il mərasiminə qədər türmədə özünü öldür. Yoxsa, biz sənin uşaqlarını öldürəcəyik”.
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə – Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.
//qafqazinfo

Mövzunu Facebookda şərh et