backend

Komitə sədri: "Gürcüstan tərəfinin narazılığına səbəb olmuş süjet efirdən çıxarılıb"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qax rayonu Qax İngiloy kəndindəki Müqəddəs Georgi kilsəsində ARB telekanalı tərəfindən aparılan çəkilişə Gürcüstan tərəfinin etiraz müraciətinə münasibət bildirib.
M. Qurbanlı bildirib ki, bununla bağlı Dini Komitəyə də Gürcüstan tərəfdən müraciət olunub.
O qeyd edib ki, bu günlərdə Gürcüstanın Azərbaycandakı səfiri ilə keçirilən görüşdə də bu məsələ müzakirə olunub və artıq məsələ həllini tapıb: “Biz bu məsələdən sonra Milli Televiziya və Radio Şurasına, o cümlədən Mətbuat Şurasına rəsmi məktubla müraciət etmişik. Məktubda bildirmişik ki, ölkədəki istənilən dinə aid məbədlərdə, mərkəzlərdə aparılan çəkilişlərdə mətbuat diqqətli olmalı, məsələnin həssaslığı nəzərə alınmalıdır ki, sonradan bu kimi narazılıqlar ortaya çıxmasın. Dinlərarası, dövlətlərarası məsələlərdə mətbuat diqqətli olmalıdır”.
Qax rayonundakı çəkilişə gədikdə isə M. Qurbanlı qeyd edib ki, bu çəkiliş icazəsiz aparılıb: “Düzdür, bu çəkiliş birbaşa mənəvi baxımdan zərərli olmayıb, amma dolayısı ilə narazılıq yaradacaq səbəblər yaradıb. Bizim ekspertlər artıq məsələ ilə bağlı rəy veriblər, o süjet efirdən birdəfəlik çıxarılıb. Belə hala 2015-ci ildə də digər bir kanal tərəfindən də yol verilib və bizim, digər qurumların tövsiyəsi ilə efirdən çıxarılıb. Bu məsələ də artıq həll olunub. Gürcüstanla bizim çox gözəl münasibətlərimiz var, amma üçüncü tərəflər var ki, buna qısqanclıqla yanaşır. Buna görə də ehtiyatlı olmalıyıq”.
//APA