Oğlu prokurorluq orqanlarından qovulan məmur haqda yeni ŞİKAYƏT FOTOLAR

12:55 | 21 İyun, 2017

Zərdab rayonunda yol tikintisi zamanı yeyintiyə yol verilib. Bu barədə AFN-ə rayondan daxil olan şikayət məktubunda bildirilir.
Zərdab sakinlərinin ünvanladığı məktubu zəruri redaktələrlə təqdim edirik:
Zərdab-Mollakənd yolu 20 min nəfərdən çox əhalinin yaşadığı 16 kəndi əhatə edir və ümumi uzunluğu 43 kilometrdir. Bu yolun tikintisi üçün dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsait mənimsənildiyindən 2013-cü ildə tikilən yol artıq dağılaraq tam yararsız vəziyyətə düşüb. Həmin yolun tikintisini Xəqani Kazımovun rəhbərlik etdiyi “Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirib. Xəqani Kazımov hazırda Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun müavinidir. Görünür, talançılıq bacarığına görə Cavid Qurbanov onu özünə müavin təyin etdirməyə nazil olub. Xəqani Kazımovun talançılığı nəticəsində sakinlər əziyyət çəksə də, onun övladları kef-damaq içində yaşayır. Onun oğlu Səbail rayon prokurorluğunun əməkdaşı olan Vüsal Kazımov bahalı avtomobillərin kolleksiyasını yığır, bir növ bu xəstəliyə tutulub. Həmin bahalı avtomobillər Zərdab-Mollakənd yolunda hərəkət etsə dərhal xarab olar. 43 km uzunluğu olan Zərdab-Mollakənd yolunun yararsız hala düşməsinin səbəbkarı olan Xəqani Kazımovun talançılıq əməllərinin araşdırılmasına zərurət var. Biz Zərdab rayon sakinləri həmin rayonun deputatı olan Jalə Əliyevadan xahiş edirik ki, bir dəfə Zərdaba həmin yolla gəlsin və tədbir görülməsi məsələsini Milli Məclisin iclasında qaldırsın. Hörmətli Zərdab rayonunun deputatı Jalə xanım, yolunuzu gözləyirik”.
Məktubda imza olaraq aşağıdakı şəxslərin adları qeyd edilib:
Rəfiyev Faiq Soltan oğlu
Abbasov Adil Qadir oğlu
Qasımov Nazim Oruc oğlu
Məmmədov Abdulkərim Hüseyn oğlu
Paşayev Kərim Lazım oğlu.
Xatırladaq ki, haqqında şikayət edilən X.Kazımovun oğlu Vüsal Kazımovun bir neçə ay əvvəl prokurorluq orqanlarından kənarlaşdırılması haqda məlumat verilib. Bildirilir ki, buna səbəb V.Kazımovun yuxarıda qeyd edilən “bahalı avtomobil kolleksiyası”nı ictimailəşdirərək reklam etməsi olub. Məhz həmin avtomobillərin fotosu mediada və sosial şəbəkələrdə yayıldıqdan sonra V.Kazımov işindən uzaqlaşdırılmışdı.
Məsələ ilə bağlı mövqeyini almaq üçün deputat J.Əliyeva ilə əlaqə saxlamağa cəhd etsək də, o telefon zənglərimizə cavab vermədi. Yazıda adı keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
//AFN