Karaqanda hadisələri: Ermənistan əkdiyini biçməkdədir

14:01 | 8 Yanvar, 2019

Karaqandadakı hadisələr onu göstərir ki, Ermənistan əkdiyini biçməkdədir.

Bunu “Baku Network” Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Xatırladaq ki, Yeni il gecəsi, yanvarın 1-də “Qədim Roma” restoranında dava-dalaş düşüb. Nəticədə Qazaxıstan vətəndaşı, yerli etnosun 23 yaşlı nümayəndəsi bıçaqlanaraq qətlə yetirilib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Karaqanda Xüsusi İstintaq Məhkəməsi hadisədə şübhəli bilinən üç nəfəri – Malxasyan Torq Manveloviç, Malxasyan Soxhak Samveloviç və Nadırbekov Kair Xamitoviçin barələrində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib. Dördüncü şübhəli Narek Qururyan isə hadisə yerindən qaçaraq gizlənib, onun barəsində də axtarış elan olunub.

E.Ələsgərov bildirib: “Ermənistan hakimiyyətinin nümayəndəsi Karaqandada vəziyyətin gərginləşməsində Azərbaycanı ittiham edib, amma reallıqda hadisələr onunla bağlıdır ki, Qazaxıstanda anti-erməni əhvali-ruhiyyə artır. Bu isə iki amillə bağlıdır: birincisi, əlbəttə ki, Karaqandada törədilmiş cinayətdir, ikincisi isə Ermənistanın anti-türk ideologiyasıdır”.

O qeyd edib ki, erməni politoloqlar öz şərhlərində çox vaxt hədlərini aşaraq türk xalqlarını “ikinci növ insanlar” və “mədəniyyətsiz” adlandırır:

“Əlbəttə ki, bu, türkdilli əhalinin yaddaşından silinə bilməz. Belə bir atalar sözü var: Nə əkərsən, onu biçərsən”.

Onun fikrincə, Qazaxıstanla Ermənistan arasında münasibətləri pozan daha bir amil KTMT ilə bağlı hadisələrdir:

“Ermənistanda Qazaxıstanın KTMT-yə erməni Baş katibin ikinci müddətə seçilməsini dəstəkləməməsi ilə bağlı vəziyyəti düzgün qəbul etməyiblər”.

E.Ələsgərov qeyd edib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqiçəsi ilə bağlı bəyanatından sonra ermənilər onun şərəfinə adlandırılmış küçənin adını dəyişdilər və anti-Qazaxıstan şüarlar səsləndirdilər:

“Ona görə də Karaqandada baş verənlər dərin köklərə malikdir. Ermənilərin şovinizm ideologiyası qonşuların cavab reaksiyasını yaradır. Bu, Türkiyədə də, Qazaxıstanda da, Özbəkistanda da, digər türkdilli ölkələrdə də hiss olunur”.

//Trend