Rəsul Quliyev bu villada yaşayır: əsl “bədbax”ın gerçək simasıbackend

Rəsul Quliyev bu villada yaşayır: əsl “bədbax”ın gerçək siması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“John Pennekamp Coral Reef State Park”, Ki Larqo, Bayya Honda Ki, Ki Uest, Louer Metkaamb Ki… Bu məkanlar ABŞ-ın Florida ştatında məşhur bölgələrdir. “Florida Keys” kimi tanınan, adalardan, çaylardan, göllərdən, bataqlıqlardan, meşəliklərdən və okean sahillərindən ibarət məkanda yaşayanlar arasında milyonçular, siyasətçilər, şou-biznes ulduzları da az deyil.

Lakin bu adamlar arasında bir nəfər var ki, özünü həm siyasətçi, həm iş adamı sayır və əslində, şou-biznesdə populyarlığını itirməsinə, yaddan çıxmasına rəğmən, özünü hələ də “sirk ulduzu, şapito kometası” sayan qoca klouna bənzəyir.

Klounlar arenada şən, həyatda isə qəmli olurlar.

Rəsul Quliyevdə situasiya tam fərqlidir: o, əsl siyasət hesab etdiyi sosial şəbəkələrdə və virtual reallıqda kədərli, “xalqın dərdindən qeyzlənib qəmlənən” adam, real həyatda isə yaşamın kamını alıb o kamı tam və bu tamı paralarla daha “maraqlı” etməyə can atan birisidir.

Rəsul Quliyevin paraları isə Azərbaycanda müxtəlif vəzifələrdə çalışdığı zamanlarda ölkə iqtisadiyyatını talayaraq paralamaqla əldə etdiyi milyonlardır.

O, indi ABŞ-da yaşayır və okeanın o tayında “non-resident” statuslu həyat sürür.

Daha doğrusu, həyatın sürüdüyü Rəsul Bayram oğlu öz arxasında başqalarını da sürüməyə çalışır.

Baş mafioz və “canlı ölü”lər

İndi de-yure Müsavat Partiyasının başqanı, əslində isə bu partiyanın kommunal təsərrüfatının rəisi funksiyalarını yerinə yetirən, hələ də siyasətçi kimi formalaşa bilməyib cığallıq və aqressivliyi “qətiyyət” kimi qavrayan Arif Hacılı illər əvvəl Rəsul Quliyev barədə yazmışdı: “1992 ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu, ilk növbədə, cinayət qanunvericiliyi,eyni zamanda, siyasi konyuktura baxımından real idi. Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu. O dövrün ən populyar qəzeti olan “Müxalifət “qəzetində Rəsul Quliyevin iqtisadi cinayətləri barədə “Qarət” başlıqlı silsilə yazılar dərc olunmuşdu. MTN nazirinin 1- ci müavini Sülhəddin Əkbər prezident aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi. “Rəsul Quliyev elə adamdır ki, onunla ya işləmək, ya da onu öldürmək lazımdır” kimi mənasız konsepsiyanın yiyələri bütün bunlara baxmayaraq onu əvvəlcə neft şirkətinin, sonra isə hökumətin ikinci adamı postuna gətirdilər ki, bu da Elçibəy hökumətinin süqutunda həlledici rol oynadı”.

Arif Hacılı “baş mafioz” adlandırdığı Rəsul Quliyevin əməllərinə görə günahı “yiyələr”in, yəni AXCP rəhbərliyinin və xüsusilə də Müsavatın sabiq başqanı İsa Qəmbərin üstünə atmışdı. Halbuki, Rəsul Quliyevin əvvəllər “dost”, “a bəy” dediyi, sonra “bədbax” adlandırdığı adamlar arasında ilk sırada məhz Arif Hacılı dururdu.

İndisə AXCP sədri Əli Kərimli təki, Müsavat başqanı Arif Hacılı da Rəsul Quliyevə kəskin antipatiya ilə yanaşır, ondan az qala “iyrəndikləri”ni deyirlər.

Rəsul Quliyevdə də bu adamlara bəslənən hisslər analojidir. Onun ifasında ən yumşaq ifadələr “Milli Şura” adlı marionet strukturun rəhbəri Cəmil Həsənli ilə bağlı dediyi “Həsənliyə məsləhətim odur ki, Əli Kərimli və Arif Hacılıdan mümkün qədər uzaq dursun” sözləridir.

Rəsul Quliyev mövcud müxalifətlə, daha doğrusu, kliniki ölüm vəziyyətində olub “diriliş” üçün ya  Taleh Bağırovun tərəfdarlarına xitab edərək “inşallah” və “maşallah”ı bol işlədən, gah bloqer Mehman Hüseynovla bağlı vəziyyətdən maksimum yararlanmağa çalışan “canlı ölülər”lə əməkdaşlığın, illah da tərəfdaşlığın mənasız iş olduğunu dərk edir.

O, özü “prezident olmaq” istəyir və bunu imkan düşən kimi irad edir.

Şansı varmı? Təbii. Yaponiyanın baş naziri və ya Fransanın prezidenti seçilmək qədər. Yəni Rəsul Quliyevin Azərbaycanda müxalif siyasətçi kimi tanınması, populyarlaşması, sonra da seçkilərə qalib gələrək hakimiyyətə qayıdışı tamamən boş və absurd ehtimaldır.

Bunu müxalifətçilər deyir, Rəsul Quliyevi daha da cırnadır, qıcıqlandırır, kövrəldir, pərişan edirlər.

Sahildəki evin adamı

“Gələcək Azərbaycan” Partiyası (GAP) adlı efemer struktur yaratmış və özünü də həmin o partiyanın “fəxri üzvü” etmiş Rəsul Quliyev bu dəfə kuluar fəaliyyətini seçib.

“Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi” təki titula malik GAP sədri, 31 yaşlı Ağasif Şakiroğlu qurumun fəaliyyətinə rəhbərliklə məşğuldur. Hər halda, de-yure belədir. Gerçəkdə isə partiyanın banisi və rəhbəri okeanın o tayındakı cənab Quliyevdir.

O Quliyev ki, ABŞ-ın Florida ştatında heç də “vətən dərdindən qovrulub qüssə dəryasında boğulan” insan təsiri bağışlamır.

Tez-tez Vaşinqtona yollanaraq senatorlar Lindsi Qrem və Mayk Rubionun qəbuluna düşməyə çalışan Rəsul Quliyev 6 il əvvəl etdiyi səhvin onun üçün yaratdığı fəsadları aradan qaldırmağa çalışır.

Həmin səhv isə R.Quliyevi Azərbaycan siyasətində effektiv, xalq arasında populyar, hadisələrə təsir imkanlarına malik siyasətçi zənn edən senatorlarla konqresmenlər 2012-ci ilin martın 20-da Vaşinqtonda bir araya gələrək sabiq spikeri dinləmişdilər.

Görüşdə ABŞ-ın Rusiya və başqa MDB ölkələrində üç sabiq səfiri, habelə “Amerikanın səsi” radiosunun rəhbərliyi də iştirak edirdi.

Rəsul Quliyev bir zamanlar Milli Məclisdə spiker olduğu dönəmlərdəki davranışını xatırlayaraq səsinə ötkəmlik, sifətinə də müdriklik görüntüsü verməklə danışmağa başlamış və “Azərbaycanın çox ciddi problemləri”ndən qəflətən “Amerikanın səsi”nin tənqidinə keçmişdi.

“Sizin radio, ümumiyyətlə, Azərbaycan dilində verilişləri olan radiolar yeni informasiya inqilabının texnoloji imkanlarını zəif tətbiq edir, dinləyicilərinin sayını gündən günə itirir. Məsələn, sizin radionun 30 dəqiqəlik verilişi Azərbaycanda heç bir rol oynaya bilməz”, – deyərək şəstlə senatorlarla konqresmenlərə baxan, sonra da “Amerikanın səsi”nin rəhbərliyini süzən Rəsul Quliyev o anlarda dərk etmirdi, daha doğrusu, dərk edə bilmirdi ki, Vaşinqton siyasəti belə kobud, köntöy davranışı sevmir.

Rəsul Quliyevin üzünə açılan qapılar elə o görüşdən sonra bağlanmışdı.

Artıq altı ildir ki, Quliyev həmin qapıları yenidən açmağa çalışır, “Azərbaycanda əsl xalq televiziyası olacaq peyk telekanalı”ndan tutmuş “müxalifəti yenidən birləşdirəcək yeni təşkilat”adək çoxsaylı layihələr təqdim edir.

Layihələrin ünvanlandığı senatorlar, konqresmenlər, təşkilatlarsa referentlər, katibələr və köməkçilər səviyyəsində R.Quliyevi başlarından edirlər.

Unudulmuş və siyasət bir yana – sosiumda zərrə qədər çəkisi qalmamış adamı yenidən “diriltmək” Vaşinqtondakı dəhlizlərdə gəzişən “ssenari müəllif”ləri üçün uğursuz sərmayə yatırımı sayılır.

Bu səbəbdən də Rəsul Quliyev “siyasi bədbax” statusu ilə barışmayaraq “qəmli həyat” sürür.

Florida ştatındakı Palm Kost, Kolçester Layn Bi, 34 ünvandakı villasında planlar cızan Rəsul Quliyevin yaşamı heç də “siyasi mühacirin ağır həyatı” sayılmaz.

Palm Harborun yaxınlığındakı bu ikimərtəbəli, özəl limanı olan villanın 4 avtomobillik qarajı da var.

2005-ci ildə satın alınmış villa Elmira Quliyevanın adına rəsmiləşdirib. Həmin ünvanda yaşayan şəxslər kimi qeydiyyata alınanlar isə E.Quliyeva ilə bahəm, Rəsul Quliyev və Elmir Quliyev də yaşayırlar.

Rəsul Quliyevin qonşularından Co Rosshelm və Keysi Heyuort onu “sakit, mədəni adam” kimi dəyərləndirsələr də, Kimberli Boyer “etibar yaratmayan şəxs” sayıb.

Sabiq spikerin ABŞ, Britaniya, Türkiyə, Slovakiya, Çernoqoriya kimi ölkələrdəki biznes-strukturları ilə işimiz yox.

Siyasi işin olmadığından işsizliyin R.Quliyevə heç xoş olmamış təsirlərindən biri isə onun “Meydan TV”də söz sahibi olmaq üçün göstərdiyi cəhdlər olub.

İddialara görə, həmin cəhdlər ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı vasitəsilə reallaşıb.

“Meydan TV”nin kağız üzərindəki rəhbəri Emin Milli də S.Osmanqızının təklif etdiyi “yeni layihələr”in üzərinə Rəsul Quliyevin kölgəsinin düşdüyünü sezdiyi üçün qalmaqal yaranıb. Sonucda S.Osmanqızı “Meydan TV”dən uzaqlaşıb və ya uzaqlaşdırılıb – fərq etməz, Rəsul Quliyevin istəyi baş tutmayıb.

O, Avropa ölkələrindəki “siyasi bloqer”lərin də “qara siyahı”sındadır.

Səbəb trivialdır: R.Quliyev onlara pul vermir, əvəzində “pulu o vaxt verərəm ki, məni təbliğ edəsiz” deyir.

Həmin “təbliğ” isə sabiq spikerin sürəkli təriflənməsini ehtiva edir.

Palm Kostda, bəyaz villada yaşayan, darıxanda iki qayığından biri ilə Florida Kiyə çıxmağa can atan Rəsul Quliyev “Skype”la sualları cavablamaq, zəngləşərək “fəxri üzv” olduğu partiyasını idarə etmək və Facebook-da çağırışlarla kifayətlənmək istəmir.

O, həftəsonu yenə Vaşinqtona yollanmağa hazırlaşır.

“Bəlkə bu dəfə alındı” ümidi ilə…