Azərbaycan Prezidenti: “Elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib məsələlərdən biridir”backend

Azərbaycan Prezidenti: “Elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib məsələlərdən biridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib məsələlərdən biridir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, kənd təsərrüfatı sahəsində 4,6 faiz artım yaxşı göstəricidir: “Ancaq bu sahədə də çox ciddi islahatlar aparılır. Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bir çox önəmli təşəbbüslər irəli sürüb. Mən onları bəyənmişəm, dəstəkləmişəm. İndi onların icrası başlanılır. Mən əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli məhsullar hesabına təmin ediləcəkdir. Özümüzü təminetmə əmsalı artacaq, qeyd etdiyim kimi, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə edəcəyik”.

İlham Əliyev vurğulayıb ki, elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib məsələlərdən biridir: “Subsidiyalarla bağlı təkliflər imkan verəcək ki, bu sahədə də müsbətə doğru çox ciddi dönüş yaransın. Çünki subsidiyaların verilməsində də böyük pozuntular olmuşdur. Bəzi hallarda subsidiyalar ünvana çatmırdı, bəzi hallarda çox kortəbii şəkildə verilirdi. Dövlət tərəfindən güzəştli şərtlərlə alınması nəzərdə tutulan gübrələr də bir çox hallarda keyfiyyətsiz idi. İndi gübrə təminatında dövlət 70 faiz yükü öz üzərinə götürür. Amma bəzi hallarda keyfiyyətsiz, müddəti keçmiş gübrələr gətirilirdi və o, kənd təsərrüfatına xeyirdən çox ziyan verirdi. Digər pozuntular da olub. Ona görə bütün pozuntular aradan qaldırılmalıdır. Kənddə işləyən vətəndaş daim hiss etməlidir ki, dövlət hər zaman onun yanındadır.

Biz kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görmüşük. Texnikanın alınması. Təkcə keçən il 5800 texnika alınıb. Əvvəlki illərdə bəzən 9 min, 8 min texnika alınıb. Biz texnika parkımızı böyük dərəcədə təzələmişik. Ən qabaqcıl şirkətlərin texnikası alınır, istər taxılçılıqda, istər pambıqçılıqda və digər sahələrdə. Ona görə biz bu sahədə işlərimizi davam etdirəcəyik. Biz kəndliləri torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad etmişik. Mən bilmirəm bu qədər dəstək göstərən ikinci belə ölkə varmı? Gübrə 70 faiz, yanacaq 50 faiz dövlətin hesabına, texnika dövlət tərəfindən alınaraq güzəştli şərtlərlə verilir, subsidiyalar, infrastruktur layihələri. İndi 100 min hektar torpağın dövriyyəyə cəlb olunması, suvarma suyu ilə təmin edilməsi, yolların çəkilməsi – bütün bunlar güzəştli kreditlər hesabınadır. Sahibkarlığın inkişafına yönələn kreditlərin əksəriyyəti kənd təsərrüfatına gedir. Amma biz daha böyük nəticələr gözləyirik. Yəni, verilən dövlət dəstəyi real nəticələrdə öz əksini tapmır. O dəstək müqabilində daha da böyük istehsal, daha da inkişaf etmiş kənd təsərrüfatı olmalı idi.

Azərbaycan Prezidenti bildirib ki, kənd təsərrüfatı çox ciddi, çox böyük sahədir: “Əhalinin demək olar ki, yarısı kəndlərdə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir. İri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı nəticələr var. Proqrama görə, bizdə, ümumiyyətlə 51 aqropark və iri fermer təsərrüfatı yaradılmalıdır. Onlardan 17-si yaradılıb və bu 17 aqroparkın ümumi sahəsi 104 min hektardır. Ümumiyyətlə isə bütün aqroparkların əhatə etdiyi sahə təqribən 200 min hektara yaxın olacaqdır. İndi 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsait nəzərdə tutulur. Onların istehsal edəcəyi məhsullar, indi təxmini hesablamalar göstərir ki, təqribən 800 milyon-1 milyard manata yaxın olacaqdır”.

//AZƏRTAC