Deputat: “2019-cu ilin “Nəsimi ili” elan edilməsi ədəbiyyatımıza verilən dəyərdir”backend

Deputat: “2019-cu ilin “Nəsimi ili” elan edilməsi ədəbiyyatımıza verilən dəyərdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, dövlət başçısının, dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Jalə Əliyeva deyib.

2019-cu ilin “Nəsimi İli” elan edilməsinin təsadüfi olmadığını dilə gətirən deputat bu qərarı Prezident İlham Əliyevin ötən ilin noyabrında Nəsimin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı imzaladığı sərəncamın davamı kimi qiymətləndirib: “Bundan əlavə, ötən ilin noyabr ayının 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskva “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Nəsiminin büstünün təntənəli açılış mərasimi olub. Bütün bunlar ölkəmizdə Nəsimi yaradıcılığa verilən yüksək qiymətin göstəricisidir”.

J.Əliyeva qeyd edib ki, ümumiyyətlə, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır: “O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaddaqalan obrazı yaradılmaqla yanaşı, onun haqqında tarixi film çəkilib, şəhərin mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, hətta Bakının ən böyük rayonlarından biri onun adını daşıyır. Hətta Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun da adı Nəsiminin adınadır. Bir sözlə ifadə etsək Azərbaycanda Nəsimi yaradıcılığı daim diqqətdə olub və ölkə başçısının son sərəncamı bu diqqətin məntiqi davamı kimi qiymətləndirilməlidir”.