Ekspert: “Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb”

15:55 | 18 Yanvar, 2019

Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin Azərbaycan dövlətinə qarşı növbəti təzyiq və qərəz kampaniyasının tərkib hissəsi olması kimsəyə sirr deyil.

Bu barədə açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.

Onun sözlərinə görə, bu məsələdə də Sorosun adının çəkilməsi əslində kimsədə təəccüb doğurmur: “Məlum olub ki, bədnam qətnamənin həmmüəlliflərindən biri Cors Sorosun tərəfdaşı hesab edilən Rebekka Harmsdır və maraqlı budur ki, o, Sorosla əlaqələrini inkar eləmir. Nəzərə alsaq ki, Soros daim Azərbaycan dövlətinin əleyhinə fəaliyyət aparıb, bu zaman belə qənaətə gəlmək olar ki, qətnamənin ilk cızma-qarasını da o sifariş verib. Aşkar yalan və böhtanlarla dolu olan qətnamə həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb”.

B.Quliyev əlavə edib ki, buna misal kimi, Rebekka Harmsın guya Azərbaycan dövlətinin müvafiq qurumlarına müraciət etməsi yalanını göstərmək olar. Halbuki Azərbaycanın dövlət və qanunvericilik qurumlarına ümumiyyətlə heç bir müraciət, sorğu daxil olmayıb.

Baş redaktor bənzər qətnamə, hesabat və bəyanatların Azərbaycan dövlətinə qarşı ilk dəfə tətbiq edilmədiyini qeyd edib. O bildirib ki, heç vaxt bu cür qərəzli hərəkətlər qarşı tərəflərin istədiyi nəticələrə gətirib çıxarmayıb: “Yalan ayaq tutar, amma yeriməz” deyilən bir atalar sözümüz. Onların da həmin cəhdləri belə ağ yalandır, lakin ictimai rəy bu cür yalanlara uymur. Əksinə, Avropa Parlamenti kimi ikiüzlü, riyakar qurumun aşkar simasızlığı növbəti dəfə və daha geniş müstəvidə öz təsdiqini tapır. Bu gün Azərbaycanda heç kimin siyasi təqiblərə məruz qalmaması ilə yanaşı, ölkəmizdə demokratiya və plüralizm faktoru daim qabaqcıl yerlərdədir. Söz və ifadə azadlığından tutmuş, digərlərinə qədər bütün azadlıqlar qorunur. Belə olan halda Avropa Parlamentinin anti-Azərbaycan xarakterli mövqeyi, deyərdim ki, uğursuzluq dalanına söykənir”.

Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etdiyini deyən siyasi ekspert qeyd edib ki, ölkəmiz milli maraqlarına uyğun, qarşılıqlı maraqlara cavab verən məsələlərin gündəmə çıxarılaraq müzakirə olunmasında, müəyyən qərarların qəbulunda dəstəkçi rolunda çıxış edir:

“Bu gün ölkəmiz BMT-nin bir çox komissiyalarında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, eləcə də digər beynəlxalq təşkilatlarda fəaliyyət göstərir, hətta qlobal məsələlərdə təşəbbüskar, ideyaverici kimi öz uğurlu sözünü deyir. Belə olan vəziyyətdə Sorosun əlaltıları vasitəsilə Avropa Şurasında, yaxud Avropa Parlamentində səslənən qərəzli fikirlər, Azərbaycan əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz. Deyərdim ki, bu cür riyakarlıqlar həm də Azərbaycan xalqının iradəsinə qarşı yönəldilmiş bir təzyiq vasitəsidir. Lakin belə cəhdlər və onların icraçıları heç vaxt öz məqsədlərinə çata bilməyəcək. Azərbaycan əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz”.

//Trend