Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb 

00:55 | 20 Yanvar, 2019

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam edən anım tədbiri faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət himni səsləndirilib.

Tədbirin sonunda sənədli film nümayiş olunmuşdur.Qanlı Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi.
Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb oldu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi sovet hakimiyyəti başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.

20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbçilərinin qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

Təəssüf ki, həm SSRİ, həm də ovaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi.

20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə – azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra – 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya sayəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan misli görünməmiş zəfərlər qazanır, respublikanın beynəlxalq nüfuzu durmadan yüksəlir. Dövlətimizin başçısı çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə böyük diqqət yetirir. Dövlət müstəqilliyinin əldə olunmasında və möhkəmləndirilməsində rolu olan insanlara xüsusi qayğı ilə yanaşır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan gündən-günə daha da qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də yaxınlaşır.

//Trend