Diasporla İş üzrə Dövlət Komitəsi ictimaiyyətə yalan məlumat verib?

22:34 | 20 Yanvar, 2019

Bir neçə gün öncə Diasporla İş üzrə Dövlət Komitəsi ABŞ-da azərbaycanlı Elçin Xəlilovun qətl hadisəsini diqqət mərkəzində saxladığı və soydaşımızın cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər gördüyü, cənazənin Azərbaycana gətirilməsi xərclərini Azərbaycan Diasporuna Dəstək Fondunun öz üzərinə götürdüyü ilə bağlı məlumat (http://diaspor.gov.az/xeberler/x292.php) dərc edib.

Hətta komitənin əməkdaşları bu məlumatları sosial şəbəkədə ictimailəşdiriblər.

Amma komitənin yaydığı xəbəri o qədər də ciddiliyə almadıq. Axı bu vaxtadək Komitə xaricdə qətlə yetirilən azərbaycanlıların cənazələrinin vətənə gətirilməsi prosesini öz üzərinə götürməmişdi.

Bu gün E.Xəlilovun cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı yayılan xəbərlərdə isə qeyd edilir ki, dostları E. Xəlilovun meyitinin Azərbaycana ekstradisiyası üçün fond yaradıb. Qısa zamanda fonda 35 min dollar pul toplanıb və beləcə mərhumun cəsədi vətənə göndərilib.

Məlumata bir daha aydınlıq gətirməkdən ötrü komitənin saytındakı həmin xəbərin linkinin üstünə vurduq və gördük ki, xəbər silinib.

Xəbərin nədən ictimailəşdirildiyi və sonra silindiyi səbəbləri maraqlıdır… Mərhumun cənazəsinin Azərbaycana gətirilməsi xərcini Komitə öz üzərinə götürüb, yoxsa dostlarının topladığı vəsaiti ilə bu baş tutub?

Qeyd edək ki, Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub.

2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində “Fixer Electronic Repair” dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.

Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb. Polis hələ də onun izindədir.

Bakı vaxtı ilə səhər 8:30-da Elçinin cənazəsi Heydər Əliyev adına hava limanına çatdırılıb.

Meyiti qəbul etmək üçün Elçinin qardaşı və yaxın dostları Bakı aeroportuna gediblər. Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb. Dəfn mərasimi bu gün günorta saatlarında baş tutub.

Allah rəhmət eləsin!

//Avrasiya.net