Erkan Özoral: “Türkiyə hər bir sahədə Azərbaycanın səmimi və güclü dəstəyini hiss edir”backend

Erkan Özoral: “Türkiyə hər bir sahədə Azərbaycanın səmimi və güclü dəstəyini hiss edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə hər bir sahədə Azərbaycanın səmimi və güclü dəstəyini hiss edir”.

Bunu özəl müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, 100 il əvvəl türklər tərəddüd etmədən azərbaycanlı qardaşlarının köməyinə gəlmiş və Qafqaz İslam Ordusu Bakının işğaldan azad olunmasına kömək etmişdi. Bu gün də eynilə Türkiyə hər bir sahədə Azərbaycanın səmimi və güclü dəstəyini hiss edir: “Köklü qardaşlıq və dostluğa əsaslanan Türkiyə-Azərbaycan əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsində olması bizim üçün sevinc və qürur mənbəyidir”.

Diplomat əlavə edib ki, bu qarşılıqlı dəstək başda hərbi, siyasi, humanitar, iqtisadi və mədəni sektorlar olmaqla, bütün sahələrdə hiss olunur: “Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını öz maraqları kimi müdafiə edirlər. Məsələn, Avropa Şurasında Azərbaycanın Türkiyəyə, ölkəmizin də Azərbaycana müxtəlif məsələlərdə verdiyi dəstək unudula bilməz”.

E.Özoral xatırladıb ki, 2018-ci ildə Qafqaz İslam Ordusunun 100 illiyi birgə tədbirlərlə təntənəli şəkildə qeyd olundu: “Bu gün hələ də bu möhtəşəm qəhrəmanlıq ruhunu qoruyub saxladığımıza görə qürur duyuruq. “Bir millət, iki dövlət” şüarını hər fürsətdə dilə gətiririk. Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər birgə səylərimizlə əlaqələrimizi hər sahədə nümunə göstərilə biləcək səviyyəyə çatdırdıq”.

Türkiyə səfiri ikitərəfli əlaqələrin regiondakı sabitlik, əmin-amanlıq və inkişafa da öz müsbət təsir göstərdiyini vurğulayıb.

E.Özoral bildirib ki, bu gün Avropanın enerji təhlükəsizliyi, eləcə də regionun təhlükəsizliyi Türkiyə və Azərbaycan olmadan təsəvvür edilə bilməz: “Avrasiya materikində sabitlik və təhlükəsizliyin daimi olmasında birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri böyük əhəmiyyət daşıyır. TANAP Avropanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə böyük töhfə verdiyi bir vaxtda Bakı-Tbilisi-Qars dəmiryolu xətti yüklərin daşınmasında yeni dövr açdı”.

Diplomat qeyd edib ki, Türkiyə və Azərbaycan arasında bütün səviyyələrdə intensiv görüşlər və səfərlər həyata keçirilir:

“Ticarət, iqtisadiyyat, energetika, nəqliyyat, hərbi, müdafiə sənayesi, təhsil, mədəniyyət, ümumiyyətlə bütün sahələrdə sıx əməkdaşlığımızı daha da inkişaf etdirmək imkanlarını davamlı şəkildə araşdırırıq. 2018-ci ilin aprel ayında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasına ev sahibliyi etdik. Bu münasibətlə Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, gələcəyə istiqamətlənmiş yeni əməkdaşlıq imkanları ən yüksək səviyyədə nəzərdən keçirildi. Həmçinin iki ölkə arasında mövcud olan hüquqi bazanın daha da möhkəmləndirilməsi məqsədilə yeni sazişlər imzalandı. İlkin mərhələdə sazişlərin həyata keçirilməsini və daha çox irəliləyişə nail olunacaq sahələri müəyyənləşdirməyi planlaşdırırıq”.

//Trend