Deputat: “Xalq AXCP-Müsavat hakimiyyəti dövründəki anarxiyanı, səfaləti yadına salır və onlara birmənalı şəkildə mənfi münasibətini bildirir”backend

Deputat: “Xalq AXCP-Müsavat hakimiyyəti dövründəki anarxiyanı, səfaləti yadına salır və onlara birmənalı şəkildə mənfi münasibətini bildirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 19-da özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran quruma daxil olan bir sıra radikal müxalifət partiya və birliklərinin keçirdiyi mitinq, yanvarın 20-də isə Şəhidlər xiyabanında qarışıqlıq yaratmaq cəhdi bir daha fiaskoya uğradı.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, bu mitinq radikal müxalifətin sosial dayaqlarının olmadığını, xalq tərəfindən dəstəklənmədiyini bir daha göstərdi:

“Mitinqdən görüntülərdən də aydın oldu ki, balaca bir stadion mitinqçilərlə tam əhatə olunmamışdı və meydança insanlarla dolu deyildi. Radikal müxalifət mitinqdən əvvəl nə qədər təbliğat aparsa da, heç bir nəticə əldə edə bilmədi, mitinqdə kütləvilik olmadı. Elə mitinqin aparıcılarına baxanda da aydın görünür ki, orada cəmiyyətdə nüfuzu olmayan, siyasi cəhətdən artıq tükənmiş şəxslərin heç biri xalq tərəfindən dəstəklənmir, əksinə, cəmiyyət onlara ikrah hissi ilə yanaşır”.

Deputat bildirib ki, Azərbaycan xalqı ciddi proseslərdən keçən, böyük təcrübəyə malik bir xalq kimi AXCP-Müsavat hakimiyyəti dövründəki anarxiyanı, korrupsiya və rüşvətxorluğu, hərc-mərcliyi, ölkənin bütün sahələrini bürüyən böhranı, çörək növbələrini göz önünə gətirir, səfaləti, çətin vəziyyəti yadına salır, indiki vəziyyətlə müqayisə edir və onlara birmənalı şəkildə mənfi münasibətini bildirir:

“Radikal müxalifət nümayəndələrinin mitinqində çıxışlarında da yeni bir şey olmadı. Yenə köhnə ifadələr, köhnə fikirlər, əsassız və yersiz ittihamlar göstərdi ki, onlar hələ də qiyafələrini, düşüncələrini dəyişə bilmirlər, hələ də məsələlərə 30 il bundan qabaqkı düşüncə ilə yanaşırlar. Belə olan halda radikal müxalifət cəmiyyətdə nüfuz sahibi ola bilməz və olmayacaq da. Çünki xalqın gözləntilərini ölkə Prezidenti çevik siyasəti, əməli addımları ilə həyata keçirir. Azərbaycan Prezidentinin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi siyasət xalq tərəfindən dəstəklənir. Müxalifət isə sosial dayaqlarını tamamilə itirib, onların çağırışları xalq tərəfindən eşidilmir. Bu, radikal müxalifətin sonu deməkdir”.

//Trend