Ekspert: “Erməni lobbisi fəal iş aparır, Avropanın susması buna sübutdur”backend

Ekspert: “Erməni lobbisi fəal iş aparır, Avropanın susması buna sübutdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müxalif partiya və sayt rəhbəri Mqer Yeqiazaryanın aclıq keçirdiyi həbsxanada ölməsi bu ölkədəki saxta demokratikləşmə prosesinin və beynəlxalq strukturların ikili standartlar siyasətinin mahiyyətini ifşa etmək baxımından çox tutarlı faktdır.

Bunu açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, Ermənistan həbsxanasında siyasi dustağın ölüm hadisəsinə qədər onun aclıq keçirməsi faktı nə qədər laqeyd qarşılanırdısa, aclıq edən dustaq öldükdən sonra da bu fakta bir o qədər laqeyd münasibət xüsusilə Avropa strukturları tərəfindən sərgiləndi ki, bu da təkzibolunmaz ikili standartlar siyasətidir:

“Bir halda Avropa və ABŞ-ın məlum strukturları Ermənistanda insan haqlarına və demokratiyaya zidd prosesləri pərdələməkdə yerli hakimiyyətin fəal tərəfdaşı kimi çıxış edirsə, başqa bir ölkənin timsalında reallığı on dəfələrlə şişirdərək saxta ittiham faktları formalaşdırmaq siyasətinin təzahürünü görürük. Bir neçə həftə öncə Azərbaycanda Mehman Hüseynov adlı gənc məhbusun məsələsini şişirdərək Azərbaycana təsir alətinə çevirmək oyunları o qədər güclü aparılırdı ki, hətta bu qondarma ittiham oyununa Avro Parlamenti, ABŞ-ın bəzi Konqres nümayəndələri və bəzi idarə olunan tanınmış media qurumları da cəlb edilmişdi. Ən sonda tam sübut olundu ki, Azərbaycanda həmin məhbusun aclıq etdiyi barədə dolaşan məlumatlar təşkil edilmiş siyasi şoudur və bunun arxasında Azərbaycana təzyiq göstərmək və saxta ittihamlar irəli sürmək istəyən ikili standartlı beynəlxalq dairələr və onlarla qeyri-şəffaf işbirliyində olan radikal siyasi dairələr dayanır. Biz bu gün Azərbaycanda və Ermənistanda göstərilən iki fakta dünya dairələrinin prinsipcə eyni olan ikili standartla yanaşmasının şahidi oluruq”.

Ekspert qeyd edib ki, Ermənistanda real siyasi məhbus faktına, siyasi dustağın həqiqətən aclıq keçirməsi və aclıqdan ölüm faktına sükütla yanaşan Avropa Parlamentinin və digər beynəlxalq demokratik institutlatın sükut və hərəkətsizliklə müşayiət olunan ikili standartlar siyasəti ortadadır:

“Azərbaycanda Mehmanın işini ağlasığmaz səviyyədə şişirtmək və Ermənistanda real və dəhşətli bir faktı görməzdən gəlmək eyni dərəcədə qərəzli və ikili standartlar siyasətinin təzahürləridir. Məsələnin ən pis və bağışlanmaz tərəfi odur ki, hər iki ölkədəki siyasi proseslərə ayrı-seçkilik prinsipi ilə yanaşma artıq formalaşmış siyasətdir və illərdən bəri davam etdirilir. Biz bu yolverilməz münasibəti seçkilərin nəticələrinə, kütləvi aksiyalara, insan hüquqlarının müdafiəsinə, Dağlıq Qarabağ məsələsinə və çox geniş spektrdə bir sıra başqa məsələlərə münasibətdə də görürük. Tutarlı fakt olaraq tək onu xatırlayaq ki, 2008, 2013 və 2018-ci illərdə Ermənistandakı seçkilər aşkar kütləvi pozuntu və cəmiyyətin inamsızlığı şəraitində keçsə də, ATƏT, AŞ PA və ABŞ Dövlət Departamenti və Konqres üzvləri tərəfindən sanki demokratiyanın təntənəsi kimi çox uyğunsuz qiymət aldı. Necə ola bilər ki, 2013-cü ildə Ermənistan cəmiyyətinin 50 faizdən çoxunun səsini alan bir iqtidar cəmi 5 ildən sonra heç 5 faiz də səs toplaya bilmir? Halbuki Avropa və digər Qərb institutları Sarkisyan iqtidarının 50 faiz səs topladığına böyük ruh yüksəkliyi ilə dəstək vetmişdilər. İkili yanaşma, korrupsiya və “konyak diplomatiyası”nın real təsirlərini göstərmək baxımından bundan tutarlı faktlar ola bilməz”.

O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə həftə əvvəl hökumət müşavirəsində Ermənistan hakimiyyətləri ilə beynəlxalq seçki institutlarının cinayətkar əməkdaşlıqlarının araşdırılmasını gündəmə gətirdi və bu bəyanat qısa müddətdə çox geniş rezonans doğurdu: “Bütün sağlam düşüncəli demokratik dairələr bu fikrin üstündə qəti qərarlaşıb ki, Azərbaycan Prezidentinin çox unikal xarakter daşıyan məlum çağırışı ilə bağlı mötəbər araşdırmalar başlayana qədər Azərbaycana və Ermənistana münasibətdə ikili standartlar siyasəti də təəssüf ki, davam edəcək”.

A.Quliyev bildirib ki, Ermənistanda siyasi dustaq edilmiş siyasətçinin ölümünə beynəlxalq sükut Avropa və ABŞ strukturlarında erməni lobbisinin həqiqətən də fəal iş apardığını növbəti dəfə təsdiqlədi: “Eyni zamanda, o da bir daha təsdiqlənir ki, Azərbaycanın uzun illər boyu bu günədək xüsusilə insan haqları məsələsində ikili standartlar siyasətinin davamlı hədəfi olması danılmaz faktdır”.

//Trend