Diasporla İş üzrə Dövlət Komitəsinə ittihamlar: “Yüz nəfər pul alandan 21 nəfəri ortaya çıxırsa…”

04:49 | 29 Yanvar, 2019

Ötən gün Almaniyanın Köln şəhərində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür və Dayanışma Cəmiyyəti, Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti, Alman Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən “Azərbaycan sülh və ədalət istəyir!” aksiyası birmənalı qarşılanmayıb. AzEuroNews.com xəbər verir ki, üç təşkilat və bir dövlət komitəsinin dəstək verdiyi aksiyada iştirakçıların sayının az olması əsas tənqid mövzusuna çevrilib.

Mövzu ilə bağlı AzEuroNews.com-a danışan Almaniyada “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı səfirliyinin rəhbərliyi ilə müxtəlif təşkilatlar bir araya gələrək Almaniya azərbaycanlılarının təşkilatlanması üçün Koordinasiya Şurası yaradaraq fəaliyyət planları tərtib ediblər. Təşkilatlanma adına dövlət vəsaiti xərclənib və xərclənməkdə davam edir:

“Ancaq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin ictimailəşdirilməsinə hesablanan aksiyada 21 nəfər iştirak edib. Bu həmdə o deməkdir ki, Komitə Ermənistanın işğalçı siyasətinin tanıdılması aksiyasına yüz münlərlə soydaşımızın məskunlaşdığı Almaniyada cəmi 21 nəfər etirazçı cəlb edə bildi. Almaniyada hazırda belə tədbirlərin təşkili üçün Diaspora Komitəsindən bir başa maliyyə yardımı alanların sayı isə yüz nəfərdən çoxdur. Yüz nəfər pul alandan 21 nəfəri ortaya çıxırsa, deməli digərlərinə mövcud birliyin pozulması və daha acınacaqlı günə salınması üçün pul verilir”.

Xatırladaq ki, ötən gün Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür və Dayanışma Cəmiyyəti, Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti, Alman Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan sülh və ədalət istəyir!”, “Avropa, uşaqların qətlinə göz yumma!”, “Dinc əhalinin qətlini dayandırın!”, “Ermənistanın təcavüzünə son!”, “Snayper gülləsinə tuş gələn uşaq!”, “1992-2018 uşaqların qətli davam edir!”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”, “Biz sülh deyirik!”, “Dilqəm və Şahbaza Azadlıq!” şüarları altında aksiya keçirilib.

Aksiyada çıxış edən soydaşlarımız erməni vandalizmindən söz açıb, Dağlıq Qarabağın Azərbaycanın tarixi əraziləri olduğunu konkret faktlarla qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı bir milyondan çox insanın doğma yurdlarından didərgin salınması, mülki şəxslərə qarşı erməni qəddarlığı, öz dədə-baba yurdlarına, doğmalarının qəbirlərinin ziyarətinə getmiş Dilqəm və Şahbazın girov götürülməsi, onlara qeyri-insani yanaşaraq işgəncələr verilməsi və s. məsələlər aksiya zamanı bir daha alman cəmiyyətinin və turistlərin diqqətinə çatdırılıb. Aksiyanın sonunda, tədbirin nəticəsi olaraq, Almaniyanın hakim dairələrinə bəyanat təqdim olunması qərara alınıb. Bəyanat aksiya iştirakçıları tərəfindən təsdiqlənib və qeyd olunub ki, ən qısa zamanda Almaniyanın ali qurumlarına təqdim ediləcəkdir.

//AzEuroNews.com