Ölümə səbəb olan avtobus sürücüsünün məhkəməsi başladı

15:46 | 29 Yanvar, 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda ölümlə nəticələn yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Şaməddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Ş.Cəfərovun vəkili vəsatət qaldıraraq müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətlə tanış olmaq üçün məhkəmədən vaxt tələb edib.

Proses fevralın 1-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il Bakı şəhər sakini Ş.Cəfərovun idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb. Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə, sürücülük vəqisəsinin belə olmadığı məlum olub.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.