backend

Millət vəkili Adil Əliyev əlilliyi olan yazar üçün təqdimat təşkil etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adil Əliyev “Özünlə fəxr et” kitabının təqdimat mərasimində iştirak edib.
Əlilliyi olan yazar Samir İmanovun “Özünlə fəxr et” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, ictimaiyyət nümayəndələri, jurnalistlər və müəllifin yaxın dostları iştirak ediblər.
Kitab haqqında ətraflı məlumat verən müəllif söyləyib ki, kitab əlilliyi olan insanlardan bəhs edir və əlillik məsələsinin müxtəlif sahələrini əhatə edən məqalələrdən ibarətdir: “Kitabın yazılmasında əsas məqsədlər, əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, mövcud problemləri qabardaraq, onların həllinə müəyyən qədər nail olmaq və əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməkdir.
Bu günə qədər 3 kitab yazmışam. “Hədəfdəki insan”, “Mənim hədəfim” və bu gün təqdimatı keçirilən “Özünlə fəxr et”… Bu kitablar əlilliyi olan insanlar haqqında yazı yazmaq istəyib, amma məlumat və mənbə tapa bilməyən jurnalistlər üçün də yararlıdır. Onlar çox rahat şəkildə bu kitablardan faydalana bilərlər. Yaxın günlərdə çapa veriləcək olan “44 ürəyin ritmi” adlı kitabım da əlilliyi olan insanlarla bağlı yazdığım sil-silə kitablarımın davamı olacaq. Bu devizlə yoluma davam edirəm. Bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu gün belə bir təqdimat mərasimini təşkil etdiyi üçün millət vəkilimiz Adil Əliyevə çox təşəkkür edirəm. Onun dəstəyi sayəsində bu gün kitabım çox yaxşı formada təqdim edildi, həm də satıldı.”
Deputat Adil Əliyev kitab təqdimatı və müəlliflə bağlı fikirlərini bölüşüb. Adil Əliyev çıxışı zamanı bildirib ki, dövlət də, vətəndaşlar da fiziki məhdudiyyətli insanların yanındadır: “Bunu da bu cür əməlləri ilə sübut edirlər. Samirə dəstək olmaq üçün onlarla insan buraya toplaşıb. Bu özü böyük mənəvi dəstəkdir. İnsan nəyisə qarşısına məqsəd qoysa ona nail olmaq üçün mübarizə aparsa, qalib gələcək. Samir, qardaşımız, istedadlı, sərhədləri tanımayan dostumuz da belə insanlardan biridir. O, heç bir məhdudiyyətə məğlub olmadı və mübarizə apardı. Həm özü həyata qalib gəldi, həm də özü kimi fiziki məhdudiyyətli gənclərə örnək oldu. Biz bu gün Samirin müəllifi olduğu 3-cü kitabın təqdimatına toplaşmışıq. Çox böyük uğurdur. Bu yolda ona hər zaman dəstək olacağıq. Fiziki məhdudiyyətli gənclərə, insanlara, vətəndaşlarımıza sadəcə xüsusi günlərdə yox, hər zaman qayğı göstərilməlidir. Mən hesab edirəm ki, bizlər bunu anlamalı və kömək əlimizi, dəstəyimizi onlardan uzaqda tutmalı deyilik. Həyat var, deməli problem var, problem varsa onun həlli də var. İnşallah biz yaranmış problemlərin həlli üçün əlimizdən gələni edəcəyik”.
Tədbirin sonunda kitab satışı baş tutub və imza mərasimi keçirilib.
//Editor.az